“Azərbaycanda əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi və tibb işçilərinin sosial rifahının yaxşılaşdırılması istiqamətində davamlı tədbirlər həyata keçirilir”.
Bunu açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli deyib.
Deputat bildirib ki, bunun nümunələrindən biri də “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi2 publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası”na dəyişikliklərin edilməsi üçün layihənin hazırlanmasıdır: “Dəyişikliklərlə 31 ixtisas üzrə çalışan həkimlərin aylıq əməkhaqlarının bütün məcburi tutulmalardan sonra 1000 manata çatdırılması nəzərdə tutulur”.
Onun sözlərinə görə, əsas məqsəd tibb işçilərinin sosial rifahını yaxşılaşdırmaq və tibbi xidmətlərə vətəndaşların əlçatanlığını təmin etməkdir: “Artım 31 ixtisas üzrə çalışan 8 minə yaxın həkimə şamil olunacaq. 17 ixtisas üzrə çalışan həkimlərin maaşında artım 2 dəfəyədək təşkil edəcək. 14 ixtisas üzrə çalışan həkimlərin maaşında isə artım 20-90% arası dəyişəcək. Hesab edirəm ki, tibbi xidmətlərin keyfiyyətinin yaxşılaşdırılmasında stimullaşdırıcı amillərin rolu böyükdür. Bu gün həkimlərin fəaliyyəti və iş yükü kifayət qədər çoxdur. Ölkəmizdə icbari tibbi sığortanın tətbiqindən sonra səhiyyə müəssisələrinə müraciətlərin sayında artım müşahidə edilir. Bu artım da həkimlərin iş yükünün çoxalmasına səbəb olub. Hesab edirəm ki, tibb işçilərinin əməkhaqqlarının artırılması və maddi-texniki bazanın genişləndirilməsi tibbi xidmətlərin keyfiyyətinin də mərhələli şəkildə artmasına gətirib çıxaracaq”.
Parlamentin Səhiyyə komitəsinin üzvü söyləyib ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin icbari tibbi xidmət üzrə Xidmətlər Zərfinə dəyişikliyin edilməsi barədə layihə hazırlanması təqdirəlayiq addımdır: “Layihədə 700 tibbi xidmətin Xidmətlər Zərfinə daxil edilməsi, ümumilikdə 3 000-dən çox tibbi xidmətin icbari tibbi sığorta çərçivəsində göstərilməsi nəzərdə tutulur. Yeni tibbi xidmətlər limitli qaydada orqan transplantasiyası, ürək-damar cərrahiyyəsi, oftalmoloji və travmatoloji əməliyyatları əhatə edəcək. İcbari tibbi xidmət üzrə Xidmətlər Zərfinə daxil olan xidmətlərin artırılması onu göstərir ki, mərhələli şəkildə maddi-texniki baza və kadr potensialı yaxşılaşdıqca bu siyahının genişləndirilməsinin şahidi olacağıq. Çünki hələ də icbari tibbi xidmət üzrə Xidmətlər Zərfinin genişləndirilməsinə ehtiyac var”.
Deputat bidlriib ki, stasionarlarda dərman təminatının yaxşılaşdırılması istiqamətində görülməli işlər çoxdur: “Bəzən biz stasionar xidmətdə çatışmazlıqların şahidi oluruq. Burada təkcə maddi-texniki bazanın yaxşılaşdırılması və vəsaitlərin kifayət qədər olması yetərli deyil. İcra mexanizminin işlək olması da vacibdir. Tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsində yerlərdə səhiyyənin düzgün idarə edilməsinin və kadrlar tərəfindən zamanında düzgün qərarların qəbul olunmasının böyük önəmi var. İnanıram ki, çatışmazlıqlarla bağlı məsələlər tədricən öz həllini tapacaq. Bütövlükdə, Azərbaycanda vətəndaşların keyfiyyətli tibbi xidmətlə təmin olunması Prezident İlham Əliyevin uzaqgörənliklə yürütdüyü sosial siyasətin əsas istiqamətlərindən biridir. Bu sahədə mühüm addımlardan biri olan icbari tibbi sığortanın tətbiq olunması isə özünü uğurla doğrultmaqdadır. Bu sistem tədricən daha da təkmilləşəcək və nəticədə həm əhalinin daha çox tibbi xidmətlərə əlçatanlığı artacaq, həm də tibb müəssisələrinin infrastrukturu yaxşılaşacaq”.