14 C
Baku
Saturday, November 16, 2024

Azərbaycanda halal dərmanlar hansı qaydada istehsal ediləcək? – Açıqlama

“Halal dərman vasitələri dedikdə, sözügedən dövlət standartına cavab verən və həmin standarta uyğunluğu təsdiqləyən sertifikatı olan dərman vasitələri nəzərdə tutulur”.

Bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun Yüngül sənaye sahəsinin standartlaşdırılması şöbəsinin müdiri Sehranə Rzayeva deyib.

O bildirib ki, halal dərman tərkibində İslam qaydalarına uyğun olaraq icazə verilən inqrediyentləri olan əczaçılıq məhsullarıdır: “Bu növ dərmanlarda insan və ya heyvan mənşəli qan, haram hesab edilən heyvan mənşəli, eyni zamanda, digər halal olmayan komponentlərdən istifadə olunmur. Qeyd edim ki, standart həm ölkə daxilində istehsal olunan, həm də ölkəyə idxal edilən halal dərman vasitələrinə aid edilir”.

Qurum rəsmisi həmçinin bildirib ki, halal dərman vasitələri ilə bağlı dövlət standartı da daxil olmaqla, ümumilikdə bütün standartların tətbiqi könüllü əsaslarla həyata keçirilir:

“Qanunvericiliyin tələblərinə əsasən təsərrüfat subyektləri tərəfindən müəyyən standart, məsələn halal dərman vasitələri ilə bağlı dövlət standartı tətbiq olunursa, onda həmin standartların tələblərinə riayət olunmalıdır. Belə ki, uyğunluğun qiymətləndirilməsi təmin edildikdən sonra təsərrüfat subyektləri bu standartın tələblərinə riayət etmədikləri təqdirdə, bu, istehlakçıların aldadılması halı kimi qiymətləndirilir və həmin təsərrüfat subyektləri qanunla müəyyən edilmiş qaydada məsuliyyətə cəlb olunurlar”.

Qeyd edək ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) AZS OIC/SMIIC 50-1:2023 “Halal dərman vasitələri – 1-ci hissə – ümumi tələblər” yeni dövlət standartını qəbul edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər