Azərbaycanda heyvan kəsiminə yaş məhdudiyyətinin qoyulması təklif olunur.
Bu təkliflə Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev parlamentin bugünkü plenar iclasında Nazirlər Kabinetinin 2024-cü ildəki fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı çıxış edib.
Onun sözlərinə görə, 7-8 kiloqramlıq quzuların, körpə danaların kütləvi kəsimi və bazara çıxarılması heyvandarlığın inkişafına maneədir:
“Bu amil də bazarda ətin qiymətinin artmasına səbəb olur. Bu gün dövlət mal-qaranın sayının artırılmasında deyil, ətlik və südlük heyvanların yetişdirilməsində maraqlıdır. Əlbəttə, bu, düzgün seçimdir. Ancaq heyvanların orta kəsim çəkisinin 2 kq az olması illik qoyun əti istehsalında 8 min ton itki deməkdir. Bizdə kəsim çəkisi normadan nəinki 2, hətta 9-10 kq azdır. Ona görə də heyvanların kəsilməsi üçün yaş həddinin müəyyən edilməsi, qadağaların qoyulması, cərimələrin tətbiqi yaxşı olardı”.