Azərbaycanın Avropa İttifaqı (Aİ) ölkələrinə ixrac etdiyi bitkiçilik məhsullarının beş partiyadan biri yoxlanılır, digər ölkələrə isə tədarük zamanı 10 partiyadan biri yoxlanışdan keçirilir.
Bunu Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli deyib.
O qeyd edib ki, bu, ölkənin ixrac potensialının artmasına səbəb olur: “Agentlik fəaliyyətə başlamamışdan əvvəlki 2 il ərzində Avropa İttifaqının “Qida və Yem məhsullarına dair Çevik Xəbərdarlıq Sistemi”ndə (RASFF) ölkədən Aİ-yə ixrac olunan fındıq məhsullarının insan sağlamlığına risk təşkil etməsinə dair 36 bildiriş yerləşdirilib. Nəticədə qarşı tərəf Azərbaycandan fındıq məhsullarının idxalından imtina edib, müayinə tezliyini artırıb. Agentlik fəaliyyətə başladıqdan sonra məhsulların qida təhlükəsizliyi sertifikatı ilə təmin edilməsi zamanı nəzarət tədbirləri gücləndirilib və ölkədən aflatoksinli məhsulların ixracının qarşısı alınıb.
Ötən il Avropa İttifaqına ixrac edilmiş fındıq məhsullarında aflatoksin aşkar olunması ilə bağlı RASFF sistemində cəmi 2 bildiriş qeydə alınıb. Aİ-nin müvafiq qurumu tərəfindən ölkəmizdən ixrac edilən fındıq partiyalarına 20% yoxlama tezliyi saxlanmaqla, AQTA-nın zəmanəti ilə hər yük partiyasını toksikoloji laborator müayinələrə cəlb edilmədən və müvafiq sənədlərlə müşayiət olunmadan ixracına icazə verilməsinə dair qərar qəbul edilib”.
Q.Təhməzli hesab edir ki, qida təhlükəsizliyi sisteminə vahid sistem kimi baxmaq lazımdır: “Biotəhlükəsizlik sisteminə ciddi əməl olunmalıdır və ölkədə həm bitki sağlamlığı, həm də heyvan sağlamlığı beynəlxalq standartlara uyğunlaşdırılmalıdır. Son beş il ərzində Azərbaycandan yüksək riskli məhsulların Avropa İttifaqı ölkələrinə ixracına icazə verilib. Artıq Azərbaycandan emal olunmuş dərinin, yunun, akvakulturalarda yetişdirilmiş nərə balığı kürüsünün ixracına icazə verilib”.
O əlavə edib ki, Çinin Kənd Təsərrüfatı və Kənd İşləri Nazirliyi ilə birgə görülən işlər, həmçinin təqdim edilmiş hesabatlar əsasında Azərbaycan ərazisində yüksək patogen quş qripinin mövcud olmadığı təsdiqlənib: “Müvafiq tələblərə uyğun gələn ölkəmizdə istehsal olunan quş əti və digər quşçuluq məhsullarının idxalına 2023-cü il dekabrın 8-dən etibarən icazə verilib”.
AQTA-nın sədri vurğulayıb ki, əsasən, xüsusi təhlükəli zoonos xəstəliklərə qarşı mübarizələr gücləndirilməlidir ki, ölkə ərazisində belə xəstəliklərdən azad zonalar yaradılsın və yaxın gələcəkdə belə xəstəliklərin Azərbaycanda tamamilə yoxa çıxmasına nail olunsun: “Bu, yüksək riskli məhsulların ixrac potensialını daha da artırır. Bizim fəaliyyətimiz dövründə atların manqo xəstəliyindən azad olunması Azərbaycanda həm diri atların, həm də at ətinin ixracına səbəb olub. Eyni zamanda, yaxın vaxtlarda xırdabuynuzlu heyvanlarda taun xəstəliyindən azad ölkə statusu, quş qripi xəstəliyindən isə artıq azad statusu əldə edilib. Bu kimi amillər Azərbaycanda yüksək riskli məhsulların ixrac potensialını artırır”.