Azərbaycanda idarə olunan aktivlərin dəyəri 35,6 milyon ABŞ dolları səviyyəsindədir.
Bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə Heyətinin sədrinin müavini Rəşad Xalıqov “1-ci Milli Maliyyə Əlçatanlığı Forumu”nda bildirib.
Onun sözlərinə görə, bu il bu rəqəmi 50 milyon ABŞ dollarına qədər artırılması planlaşdırılır: “Biz innovasiya və rəqəmsal inkişaf sahəsində daim startaplarımızın yanındayıq. Onların qlobal tədbirlərdə iştirakı və investorlara çıxışının təmin edilməsi üçün mümkün şərait yaradırıq. Belə ki, dəstəyimizlə həyata keçirilən “Road-show” layihəsi çərçivəsində Azərbaycan startaplarının nüfuzlu qlobal texnologiya tədbirlərində iştirakına yardım göstəririk”.
O qeyd edib ki, indiyə qədər startaplarımız ABŞ, İspaniya, Səudiyyə Ərəbistanı, Çin, Polşa, Almaniya və Birləşmiş Ərəb Əmirliklərində baş tutan qlobal tədbirlərdə iştirak ediblər: “Bu tədbirlər zamanı startaplar müxtəlif ölkələrdən olan investorlarla görüşlər keçirib, öz məhsullarını təqdim etmək imkanı əldə ediblər”.