Azərbaycanda iki rayonu (Göygöl və Goranboy) birləşdirən dəmir körpü oğurlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Göygöl rayon Polis Şöbəsinin Sarısu Polis Bölməsinə rayonun Çaylı kəndi ilə Goranboy rayonunun Yolqulular kəndini birləşdirən metal konstruksiyalı körpünün naməlum şəxslər tərəfindən sökülərək oğurlanması barədə məlumat daxil olub.
Sarısu Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Şəmkir rayon sakinləri – İlkin Kamalzadə, Xəyal Əliyev, Elgün Məmmədov və Goranboy rayon sakini Şükür Babayev saxlanılıb.
İlkin dindirilmə zamanı saxlanılan şəxlər dəmir körpünü satmaq məqsədi ilə söküb oğurladıqlarını etiraf ediblər. Şübhəli şəxslər maddi sübutlarla birlikdə saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı Göygöl Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.