25 C
Baku
Tuesday, August 26, 2025

Azərbaycanda ilk dəfə 95 oktanlı premium benzin istehsal edildiyi açıqlanıb

Azərbaycan tarixdə ilk dəfə Aİ-95 markalı premium avtomobil benzini istehsal etməyə başlayıb.

Banker.az-ın rəsmi mənbədən əldə etdiyi məlumata görə, 2025-ci ilin aprel və iyun ayları aralığında 8.8 min tonluq premium benzin istehsal edilib. Lakin, bu ümumi Aİ-95 markalı benzinə olan ölkədəki tələbin çox az hissəsidir.

2024-cü ildən bu benzinin istehsalı ilə bağlı məlumatlar yer alsa da, statistik olaraq məlumat yerləşdirilməmişdi.

Azərbaycanda bu benzin SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda istehsal edilir. İstehsala təqribən 2022-ci ildə başlandığı bildirilsə də, üç il ərzində bu məhsuldan istehsal edilməyib. Buna qədər isə premium benzinə olan tələb idxalla qarşılanırdı. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 95 oktanlı benzin idxalı 2025-ci ilin ilk yarısında 64.8 min tona yüksəlib, bu da ötən illə müqayisədə 90% artım deməkdir. Dəyəri isə 54.6 mln dollara çatıb, artım 61% olub. Orta qiymət 2024-cü ildə hər ton üçün 997 dollar, 2025-də isə 843 dollar təşkil edərək azalıb.

Aİ-92 markalı benzindən fərqli olaraq premium benzinin qiyməti birja qiymətləri ilə müəyyən olunur. Bununla belə, xaricdən fərqli olaraq neftin qiymətindəki volotelliklərə baxmayaraq Aİ-95 benzinin bir litri sonuncu dəfə 2024-cü ilin iyulunda 0.40 manat ucuzlaşaraq 1.60 manat olub. Aİ-92 isə həmin müddətdə bir litrə görə 1 manatdan 1.1 manata qədər bahalaşdırılmışdı.

Qeyd edək ki, 2025-ci ilin ilk yarısında Azərbaycanda NEZ 667.34 min ton AI-92 benzini istehsal, 83 min ton idxal edilib.

 

Son xəbərlər
Digər xəbərlər