9 C
Baku
Sunday, November 17, 2024

Azərbaycanda ilk dəfə geoparklar yaradılacaq

Azərbaycanda ilk dəfə olaraq yeni növ beynəlxalq statuslu xüsusi mühafizə rejimli ərazilərin-geoparkların yaradılması və ölkəmizin YUNESKO-nun Qlobal Geoparklar Şəbəkəsinə qoşulması nəzərdə tutulur.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev “Azərbaycanda bəbirlərin populyasiyası, bioloji müxtəlifliyin bərpası istiqamətində görülən işlər və ekoloji turizmin inkişafına dair planlaşdırma” mövzusunda ETSN-də keçirilən mətbuat konfransında bildirib.

O qeyd edib ki, bundan əlavə, Azərbaycanda ilk dəfə olaraq Zaqatala Dövlət Təbiət Qoruğunun bazasında Biosfer Qoruğu yaradılır: “Bununla bağlı, YUNESKO-nun “İnsan və Biosfer Proqramı”na təqdim ediləcək nominasiya dosyesinin hazırlanması prosesi yekunlaşıb. Ölkəmizdə bioloji müxtəlifliyin qorunması və xüsusi mühafizə olunan ərazilər şəbəkəsinin genişləndirilməsi məqsədilə Samux və Qax rayonları, Alazan (Qanıx) çayı vadisi və Axar-baxar dağ silsiləsinin ərazisində yeni milli parkın yaradılması ilə bağlı işlər davam etdirilir. Bununla bağlı işçi komanda formalaşdırılıb və işlər aparılır”.

Nazirlik rəsmisinin sözlərinə görə, hazırda Azərbaycanda ümumi sahəsi 893 000 hektara qədər olan 10 milli park, 10 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir: “Bununla yanaşı, xüsusi mühafizə olunan təbiət ərazilərinin genişləndirilməsi ilə bağlı bir sıra işlər həyata keçirilir”.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər