Milli Depozit Mərkəzinin ölkədə ilk dəfə olaraq səhmdarların ümumi yığıncaqlarının məsafədən keçirilməsi və elektron səsvermə sistemi (E-vote) istifadəyə verilib.
Bunu Mərkəzi Bankda Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinin “E-vote” sistemi ilə bağlı keçirilən brifinqində Mərkəzin İdarə Heyətinin sədri Ağahüseyn Xudaverdiyev deyib.
Bununla bağlı olaraq səhmdarların ümumi yığıncaqlarının təşkili çərçivəsində yığıncağın keçirilmə günü, yeri və gündəlikdəki materiallarla tanışlıq qaydası barədə bildiriş və məlumatlar MDM tərəfindən yaradılan İnvestor Portalı vasitəsilə elektron formada təqdim edilib (yerləşdirilib). Səhmdarların şəxsi kabinetlərinə daxil olaraq ümumi yığıncağın gündəliyi və gündəlikdəki məsələlərlə tanış olub elektron səsvermə imkanından istifadə etmələrinə şərait yaradılıb.
Qeyd edilib ki, ilk dəfə olaraq bu xidmətdən “Azərbaycan Beynəlxalq Bankı” (ABB) istifadə edib.
Belə ki, MDM ilə “ABB” ASC arasında bağlanmış “Səhmdarların ümumi yığıncaqlarının təşkili və bununla əlaqəli digər xidmətlərin göstərilməsi barədə” müqaviləyə uyğun olaraq səhmdarlarının növbədənkənar ümumi yığıncağının keçirilməsinə dair bildiriş MDM tərəfindən 04.11.2024-cü il tarixdə “İnvestor Portalı”ndakı şəxsi kabinetlərində yerləşdirilməklə “ABB” ASC-nin bütün səhmdarlarına təqdim edilib.