15 C
Baku
Friday, March 29, 2024

DSK: Azərbaycanda may ayında qiymətlər ucuzlaşıb – 0,4%-lik deflyasiya

Bu ilin yanvar-may aylarında Azərbaycanda istehlak məhsullarının və xidmətlərin qiymətləri 2018-ci ilin müvafiq dövrünə nisbətən 2,4%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 2,3%, qeyri-ərzaq mallarının qiymətləri 1,3%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 3,4% artıb.

Banker.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, cari ilin may ayında aprel ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,4%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 1,1% azalıb, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 0,1% artıb, qeyri-ərzaq mallarının qiymətləri isə sabit qalıb.

Ay ərzində uzun düyünün, qarabaşaq yarmasının, mal, qoyun və toyuq ətinin, suda bişmiş kolbasanın, sosiskanın, təzə balığın, pasterizə olunmamış üzlü südün, yoqurtun, brınza pendirinin, kərə yağının, bananın, alçanın, çiyələyin, qozun, fındığın, kələmin, göyərtinin, xiyarın, pomidorun, bibərin, badımcanın, soğanın, sarımsağın, kartofun, quru noxudun, mərcinin, çayın, arağın, pivənin və tütün məmulatları ucuzlaşıb. Yumru düyünün, manna yarmasının, makaron məmulatlarının, sterilizə olunmuş üzlü südün, şəkərli qatılaşdırılmış südün, xamanın, tərkibində qursaq mayası olan bərk və yumşaq pendirin, kəsmiyin, yumurtanın, günəbaxan, qarğıdalı və zeytun yağlarının, limonun, almanın, armudun, şabalıdın, çuğundurun, yerkökünün, şəkər tozunun, dondurmanın, qəhvənin, kakaonun, mineral suların, kola içkisi və limonadın qiymətlərində isə artıb müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Cari ilin may ayında aprel ayına nisbətən əhaliyə göstərilən ödənişli xidmətlərdən mənzillərin icarə haqqı, paltarların təmiri, təmizlənməsi və kirayəsi, məişət cihazlarının təmiri, stomatoloji, bərbərxana və kosmetoloji xidmətlərin, otel və mehmanxanalar tərəfindən göstərilən gecələmə xidmətlərinin, dəmir yolu və hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətləri artıb. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Son xəbərlər
Digər xəbərlər