6 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanda illik inflyasiya 4%-ə düşüb

2018-ci ilin yanvar-mart aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilin müvafiq dövrünə nisbətən 4,0 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 4,5 faiz, qeyri-ərzaq mallarının qiymətləri 4,3 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 2,9 faiz bahalaşmışdır.

Banker.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin istehlak bazarında qiymətlərin dəyişməsi haqqında məlumatında deyilir.

Cari ilin mart ayında fevral ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,2 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 0,5 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 0,1 faiz bahalaşmış, qeyri-ərzaq mallarının qiymətləri isə sabit qalmışdır.

Ay ərzində qoyun ətinin, zeytun və marqarin yağlarının, portağalın, naringinin, bananın, almanın, armudun, kivinin, qozun, fındığın, şabalıdın, göyərtinin, pomidorun, xiyarın, soğanın, kartofun, qəhvə, çay və kakaonun qiymətlərində bahalaşma, düyünün, unun, manna və qarabaşaq yarmasının, makaron məmulatlarının, mal və toyuq ətinin, yumurtanın, kərə və qarğıdalı yağlarının, yerkökünün, sarımsağın, şəkər və şəkər tozunun qiymətlərində isə ucuzlaşma müşahidə olunmuşdur. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.

Mart ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilən ödənişli xidmətlərdən paltarların təmizlənməsi, təmiri və kirayəsi xidmətinin, hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətinin (MDB ölkələri istisna olmaqla), ölkədən kənara istirahət turlarının, otel və mehmanxanalar tərəfindən göstərilən gecələmə xidmətinin qiymətlərində bahalaşma, MDB ölkələrinə hava və dəmiryol nəqliyyatı ilə sərnişindaşıma xidmətlərinin qiymətlərində isə ucuzlaşma müşahidə olunmuşdur. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.

Son xəbərlər
Digər xəbərlər