23 C
Baku
Thursday, July 17, 2025

Azərbaycanda illik inflyasiya hədəf çərçivəsinə qayıdır: İyunda illik 6%

2025-ci ilin iyun ayında istehlak qiymətləri indeksi 2024-cü ilin iyun ayına nisbətən 6 faiz təşkil edib.

Banker.az bunu Dövlət Statistika Komitəsinin məlumatına istinadən xəbər verir.

Halbuki, aprel və mayda inflyasiya 6.3 faizə qalxmaqla Mərkəzi Bankın illik inflyasiya üçün hədəf götürdüyü tavan 6 faizi üstələmişdi. Mərkəzi Bankın hədəf çərçivəsi 2-6 faiz diapazonundadır.

AMB faiz dərəcəsinə dair 11 iyun iclasında bildirib ki, mövcud pul siyasəti inflyasiyanın hədəf daxilində saxlanılmasına və inflyasiya gözləntilərinin sabitləşməsinə yönəlib. Bildirilmişdi ki, inflyasiyanın xarici mühitində qeyri-müəyyənliklərin azalması növbəti iclasda uçot dərəcəsinin azaldılması üçün zəmin yarada bilər.

Hazırda AMB-nin faiz dəhlizində uçot dərəcəsi 7.25%, faiz dəhlizinin aşağı həddi 6.25%, faiz dəhlizinin yuxarı həddi isə 8.25% səviyyəsindədir. Artıq 5 rübdür ki, Mərkəzi Bank gözləmə mövqeyindədir və faizlərə toxunmur.

DSK açıqlayıb ki, qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 7 faiz, qeyri-qida məhsulları üzrə 2,8 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 7,2 faiz təşkil etmişdir.

2025-ci ilin iyun ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0.4 faiz azalıb, orta illik, yəni yanvar-iyun aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 5.9 faiz təşkil edib.

Son xəbərlər
Digər xəbərlər