2025-ci ilin aprel ayında istehlak qiymətləri indeksi 2024-cü ilin aprel ayına nisbətən 6,3 faiz artıb.
Banker.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Qeyd edilir ki, qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 7,6 faiz, qeyri-qida məhsulları üzrə 2,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 7,6 faiz artıb.
Hazırda Azərbaycan Mərkəzi Bankının pul kredit siyasətində illik inflyasiya hədəfi 2%-6% diapazonunda götürülür.
2025-ci ilin aprel ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,3 faiz, yanvar-aprel aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,8 faiz artım təşkil edib.
2025-ci ilin aprel ayında qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,6 faiz, yanvar-aprel aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 106,2 faiz təşkil etmişdir.
2025-ci ilin aprel ayında qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi, məhsul qrupları üzrə, əvvəlki aya nisbətən, faizlə
Cari ilin aprel ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından daha çox bahalaşma manna yarmasının, süfrə marqarininin, kərə, günəbaxan və qarğıdalı yağlarının, limonun, portağalın, bananın, almanın, armudun, brokkolinin, şirin bibərin, süfrə çuğundurunun, soğanın, kartofun, qəhvənin, kakaonun, qazlı və qazsız suların, ucuzlaşma isə unun, qarabaşaq yarmasının, yumurtanın, qozun, fındığın, şabalıdın, kələmin, göyərtinin, xiyarın, sarımsağın qiymətlərində müşahidə olunmuşdur. Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.
2025-ci ilin aprel ayında qeyri-qida məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,0 faiz, yanvar-aprel aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 102,7 faiz təşkil etmişdir. Aprel ayında əvvəlki ayla müqayisədə qeyri-qida məhsullarından bahalaşma ayaqqabıların və zərgərlik məmulatlarının, ucuzlaşma isə mebelin və yazı kağızlarının qiymətlərində müşahidə olunmuşdur. Digər qeyri-qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.
2025-ci ilin aprel ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,2 faiz, yanvar-aprel aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 107,7 faiz təşkil etmişdir. Aprel ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən bahalaşma əsasən geyimlərin kimyəvi təmizlənməsi, stomatoloji və hava nəqliyyatı ilə MDB ölkələrinə sərnişindaşıma xidmətlərinin, ucuzlaşma isə hava nəqliyyatı ilə MDB ölkələri istisna olmaqla digər ölkələrə sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunmuşdur. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.