6 C
Baku
Thursday, January 29, 2026

Azərbaycanda investisiya dəyəri 11 mln. manat olan müəssisə açılacaq, yeni iş yerləri yaradılacaq

Sumqayıt Sənaye Parkının ərazisində ildə 3 min 120 tondan çox laminatlı və polipropilen kisə istehsal ediləcək. Ötən il parkın rezidenti statusunu alan “Nun” MMC şirkəti tərəfindən həyata keçiriləcək layihə çərçivəsində bir hektar ərazidə istehsal müəssisəsinin inşası nəzərdə tutulub.

Bu sözləri “Nun” MMC-nın direktoru Ələsgər Mustafayev deyib.

Onun sözlərinə görə, Almaniya texnologiyası əsasında qurulacaq zavodun illik istehsal gücü 1680 ton laminatlı kisə və 1440 ton polipropilen kisə olmaqla, ümumilikdə 3120 tondan çox olacaq.

“İstehsal ediləcək məhsullar əsasən daxili bazarın tələbatının ödənilməsi üçün nəzərdə tutulub”, – deyən direktor qeyd edib ki, layihənin icrası nəticəsində 140 daimi iş yerinin yaradılması da planlaşdırılıb.

“İnvestisiya dəyəri 11,2 milyon manat olan müəssisənin qurulmasına İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən 3 milyon manat məbləğində güzəştli kreditin ayrılması nəzərdə tutulub. Eyni zamanda, müəssisə üçün idxal ediləcək avadanlıqların ƏDV və gömrük rüsumlarından azad olunacağı gözlənilir. Dövlət tərəfindən edilən bu güzəştlər müəssisənin daha da inkişafına, istehsalın artmasına və yeni iş yerlərinin yaradılmasına imkan verəcək”, – deyə Ə.Mustafayev nəzərə çatdırıb.

Direktor həmçinin vurğulayıb ki, müəssisədə istehsal olunacaq kisələr əsasən kənd təsərrüfatı, sənaye və tikinti sahələrində qablaşdırma məqsədilə istifadə olunacaq: “İstehsal prosesində əsas xammal kimi “SOCAR Polymer” müəssisəsinin yerli polipropilen məhsullarından istifadə olunacaq. Bu yanaşma yerli istehsalın dəstəklənməsinə və məhsulların keyfiyyətinin artırılmasına xidmət edir”, – deyə müəssisə direktoru əlavə edib.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 27-də Sumqayıt Sənaye Parkında “Nun” MMC-nin polipropilen və laminatlı kisə istehsalı müəssisəsinin təməlqoyma mərasimində iştirak edib.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər