2 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanda ipoteka kreditləri üzrə məbləğlərin artırılmasına ehtiyac varmı?

İpoteka Kredit və Zəmanət Fondu (İKZF) ipoteka kreditləşməsi ilə bağlı prosesi nəzarətdə saxlayır, gələcəkdə ehtiyac olarsa bunun üçün ayrılan məbləğə yenidən baxılıb, artırıla bilər.

Bunu İKZF-nin baş direktoru İlham Kələşov ATV kanalında yayımlanan “İqtisadi zona” verilişində deyib.

İKZF-nin baş direktoru qeyd edib ki, bu il üzrə alınmış ipoteka kreditlərinin təxminən 80%-i 100 min manatdan aşağıdır: “Ümumilikdə ipoteka kreditləri üzrə orta göstərici 81 min manat, alınan yaşayış sahələri üzrə isə 119 min manat təşkil edir. Regionlarda bu məbləğ bir qədərdə aşağıdır”.

İ. Kələşov bildirib ki, hazırda İpoteka Kredit və Zəmanət Fondu tərəfindən verilən adi ipoteka kreditinin həcmi 150 min manat, güzəştli ipoteka kreditinin məbləği isə 100 min manat təşkil edir.

“Apardığımız təhlilər qeyd olunan məbləğlərin vətəndaşların mənzil təminatının yaxşılaşdırılmasına kifayət etdiyini göstərir. Məbləğin artırılması ilə bağlı deyə bilərəm ki, Fondun əsas hədəfi aşağı və orta gəlirli əhali qrupudur. Məbləğ artıqca, bu aylıq ödəniş məbləğinə də təsir edir. Son illər ipoteka kreditləşməsi sahəsində yaradılan standartlar, ümumiyyətlə rəqabət qabiliyyətli şəraitin yaradılması nəticəsində kommersiya bankları tərəfindən daxili ipoteka proqramları təklif olunur. Bu proqramlar vasitəsilə 250 min manat və daha yuxarı məbləğdə ipoteka krediti almaq mümkündür. Yüksək məbləğdə ipoteka krediti almaq istəyən müəyyən əhali qrupumuzun tələbi bankların daxili ipoteka proqramı vasitəsi ilə təmin edilir”, – o qeyd edib.

İ. Kələşov bildirib ki, bu günə Azərbaycanda kommersiya bankları daxili ipoteka proqramı vasitəsilə 9 mindən çox şəxsə 500 milyon mnatdan çox kredit verib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər