13 C
Baku
Saturday, November 2, 2024

Azərbaycanda iri dövlət şirkətlərinin gəlir və xərclərinə nəzarət üzrə yeni mexanizm yaradılıb

Azərbaycanda iri dövlət şirkətlərinin hər növbəti ilin gəlirlər və xərclər smetalarını hazırlaması, həmin smetaların icrası üzrə monitorinq aparılması ilə əlaqədar yeni dövlət nəzarəti mexanizmi yaradılıb.

Banker.azın APA-ya istinadən verdiyi məlumata görə, bu, Nazirlər Kabinetinin “İri dövlət şirkətlərinin gəlirlər və xərclər smetaları haqqında” qərarında əksini tapıb.

Bu qərar iri dövlət şirkətlərinin maliyyə-təsərrüfat fəaliyyətində fiskal dayanıqlılığın təmin olunması, gəlirlərin və xərclərin proqnozlaşdırılmasına və icrasına nəzarətin daha da gücləndirilməsi, habelə bu sahədə idarəetmənin təkmilləşdirilməsi və şəffaflığın artırılması məqsədi ilə qəbul edilib. Qərara əsasən iri dövlət şirkətlərinin gəlirlər və xərclər smetalarına baxılma və həmin smetaların təsdiq edilməsi üzrə Komissiya yaradılıb. Komissiyanın sədri baş nazirin birinci müavini Yaqub Eyyubov, Komissiyanın üzvləri iqtisadiyyat naziri Şahin Mustafayev, maliyyə naziri Samir Şərifov, vergilər naziri Fazil Məmmədov, Mərkəzi Bankın sədri Elman Rüstəmov və Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı təyin edilib.

Qərarda qeyd edilib ki, Komissiyanın cari fəaliyyətinin təşkili məqsədi ilə Komissiyanın Katibliyi yaradılsın və Katibliyin funksiyalarının həyata keçirilməsi Maliyyə Nazirliyinə həvalə edilsin. İri dövlət şirkətləri növbəti ilin gəlirlər və xərclər smetalarının ilkin layihələrini hər il iyulun 1-dək Komissiyanın Katibliyinə təqdim etməlidir. Komissiya təqdim olunmuş layihələrin müzakirəsini və qiymətləndirilməsini həyata keçirməli və müvafiq düzəlişlərin aparılması zərurəti yarandıqda, həmin layihələri hər il sentyabr ayının 15-dək iri dövlət şirkətlərinə qaytarılmalıdır. İri dövlət şirkətləri, Komissiyanın rəyi nəzərə alınmaqla, gəlir və xərclər smetaları layihəsində düzəlişlər edərək, layihəni sentyabr ayının 25-dək Komissiyanın Katibliyinə təqdim etməlidir. Komissiya hər il noyabr ayının 1-dək iri dövlət şirkətlərinin gəlir və xərclər smetalarını təsdiq etməlidir. İri dövlət şirkətləri təsdiq olunmuş gəlirlər və xərclər smetalarının rüblük icrası barədə hesabatı hər rübdən sonra 30 gün ərzində, illik icrası barədə hesabatı isə hər il aprel ayının 1-dək Komissiyaya təqdim etməlidir. Komissiya altı ay müddətində təqdim olunmuş gəlir və xərclər smetalarının illik icrası barədə hesabatların təhlilini,qiymətləndirilməsini və monitorinqini aparmalı, bu barədə arayış hazırlayaraq Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir. Gəlirlər və xərclər smetaları təsdiq edildikdən sonra iri dövlət şirkətlərinin gəlirlər və xərclərində Komissiya ilə razılaşdırılmaqla dəyişikliklər edilə bilər.

Yeni qərarın qəbulu ilə əlaqədar “İri dövlət vergi ödəyicilərinin gəlirlər və xərclər smetaları haqqında” Nazirlər Kabinetinin 2005-ci il 9 iyun tarixli 102 nömrəli qərarı ləğv edilib.

Xatırladaq ki, 2005-ci ildən indiyə qədər “İri dövlət vergi ödəyicilərinin gəlirlər və xərclər smetaları haqqında” qərara əsasən iri dövlət vergi ödəyiciləri növbəti ilin gəlirlər və xərclər smetalarının rüblük bölgüdə layihələrinin ilkin variantını hər il iyulun 1-dək Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə dövlət büdcəsinin və icmal büdcənin layihələrinin hazırlanması məqsədilə yaradılan Komissiyaya təqdim ediblər. İri dövlət vergi ödəyiciləri növbəti ilin gəlir və xərclər smetalarını və müvafiq investisiya proqramlarını razılaşdırmaq üçün hər il dekabrın 1-dək aidiyyəti sahə nazirliyinə, habelə Maliyyə Nazirliyinə və İqtisadiyyat Nazirliyinə təqdim ediblər. İri dövlət vergi ödəyiciləri öz gəlirlər və xərclər smetalarını aidiyyəti sahə nazirliyi, habelə Maliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyi ilə razılaşdırmaqla hər il fevralın 25-dək təsdiq ediblər. Hər il gəlirlər və xərclər smetaları müəyyən olunmuş müddətdə təsdiq edilməyəcəyi təqdirdə, həmin vaxtdan (fevralın 25-dən) təsdiq olunan dövrə qədər iri dövlət vergi ödəyiciləri əməkhaqqı və ona bərabər tutulan ödənişlər, əməkhaqqı fondundan Dövlət Sosial Müdafiə Fonduna ayırmalar, bank kreditləri, vergi və digər icbari ödənişlər istisna olmaqla, digər xərclər əvvəlki ilin müvafiq dövrü ərzində faktiki istifadə olunmuş xərclərin 50 faizindən çox ödənişlərə yol verməyib. İri dövlət vergi ödəyiciləri təsdiq olunmuş gəlirlər və xərclər smetalarının rüblük icrası barədə hesabatı hər rübdən sonra 45 günədək Maliyyə Nazirliyinə, İqtisadiyyat Nazirliyinə və aidiyyəti üzrə Energetika Nazirliyinə və Nəqliyyat Nazirliyinə təqdim ediblər. Təsdiq olunmuş smetaların icrası barədə rüblük hesabatlarda iri dövlət vergi ödəyicisinin daxilolmaları həmin dövr üçün təsdiq edilmiş proqnoz göstəricilərindən 20 faiz (və ya ondan yuxarı) az və ya çox olduqda, bu barədə hesabatla birlikdə Maliyyə Nazirliyinə, İqtisadiyyat Nazirliyinə, aidiyyəti üzrə Energetika Nazirliyinə və Nəqliyyat Nazirliyinə əsaslandırılmış məlumatlar təqdim edilib. Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, aidiyyəti üzrə Energetika Nazirliyi və Nəqliyyat Nazirliyi təsdiq olunmuş gəlirlər və xərclər smetalarının rüblük icrası barədə hesabatları təhlil edib nəticəsi barədə ildə 1 dəfə martın 15-dək Nazirlər Kabinetinə birgə məlumat təqdim ediblər.

Son xəbərlər
Digər xəbərlər