Rusiyanın “Russneft” şirkətinin sahibi, Azərbaycanda da iri neft aktivlərinə sahib olan Mixail Qutseriyevin qohumu Alixan Qutseriyev Moskvada güllələnib.
Bu haqda Moskva şəhər daxili işlər idarəsindən bildiriblər.
“Bu gün səhər saat 10 radələrində Lobaçvski küçəsində bir nəfərin odlu silahla yaralandığı haqda məlumat daxil olub. İstintaq tədbirləri aparılır”-idarədən bildirilib.
“Moskovskiy komsomolets” isə xəbər verir ki, insident saat 9.00-da baş verib. Əvvəlcə təcili yardım xidmətinə bir nəfərin boğulması barədə məlumat daxil olub. Lakin aydınlaşdırılıb ki, 44 yaşlı Alixan Qutseriyev başından və çiynindən güllə yarası alıb.
O, “Bin” şirkətlər qrupunun sahibi Mixail Qutseriyevin qohumudur və “Bin-bank”ın səhmdarıdır.
Xatırladaq ki, bu yaxınlarda Qutseriyev Moskvada oğluna olduqca dəbdəbəli toy edib. Toya dünyanın məşhur pop-ulduzları dəvət olunub.Qutseriyevin oğlunun toyu günlərlə mətbuatda müzakirə edilib. Qutseriyev Azərbaycanda bir sıra quru yataqlarının istismarını həyata keçirən “Global Energy” şirkətinin də sahibidir.
VirtualAz