18 C
Baku
Saturday, November 2, 2024

Azərbaycanda işləyən əcnəbilərin sayı açıqlandı

Fondda qeydiyyata alınan əcnəbilərin 22 min 663 nəfərə yüksəlib

Azərbaycan Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı artıb.

DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan  verilən məlumata görə, 2015-ci ilin fevralın 1-i tarixinə olan statistikaya əsasən, cari ilin əvvəli ilə müqayisədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 0,66 faiz artıb.

Yanvar ayı ərzində əlavə olaraq 150 nəfər əcnəbi vətəndaş qeydiyyata alınıb və nəticədə fərdi uçot sistemindəki əcnəbilərin sayı 22 663 nəfərə yüksəlib.

Dövlət sosial sığorta sistemində fərdi şəxsi hesabı olan əcnəbilərin 89,06 faizini (20 188 nəfər) kişilər, 10,94 faizini (2 475 nəfər) isə qadınlar təşkil edir.

Ümumilikdə 104 ölkənin vətəndaşlarını əhatə edən əcnəbilər arasında ən yüksək say göstəricisi Тürkiyə vətəndaşları (12083 nəfər) üzrə müşahidə olunur. Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayına görə ikinci yerdə gələn Gürcüstan vətəndaşlarının sayı 2553 nəfərə, üçüncü yerdə gələn Rusiya Federasiyasının vətəndaşlarının sayı isə 1311 nəfərə çatıb.

Sonrakı yerlərdə İran İslam Respublikası (875), Çin Xalq Respublikası (757), Hindistan (624), Pakistan İslam Respublikası (467), Böyük Britaniya və Şimali İrlandiya Krallığı (354), Ukrayna (257), Özbəkistan (238) Banqladeş Xalq Respublikası (206), Almaniya Federativ Respublikası (195), Filippin Respublikası (193), Türkmənistan Respublikası (184), ABŞ (171), Qazaxıstan Respublikası (163), İtaliya Respublikası (153), Koreya (143) və s. ölkələr qərarlaşıb.

2006-cı il yanvarın 1-dən Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilərin məcburi dövlət sosial sığortası ilə əhatə olunması prosesi həyata keçirilməkdədir.

ANS PRESS

Son xəbərlər
Digər xəbərlər