®“Facility Management Group” şirkəti Daşınmaz Əmlakların İdarəetmə Sistemi sahəsində ISO 41001:2018 Standartı üzrə sertifikat ilə təltif olunub. 21 dekabr 2021-ci il tarixində təqdim edilən sertifikat şirkətdə Beynəlxalq Standartlaşdırma Təşkilatının (İSO) tələblərinə cavab verən idarəetmə sisteminin yaradılıb, tətbiq edildiyinin əyani sübutudur.
Vurğulamaq istərdik ki, “Facility Management Group” Azərbaycanda ISO 41001:2018 sertifikatına layiq görülən ilk və yeganə şirkətdir. MDB-də cəmi 7 şirkət bu sertifikata sahib olsa da, onların heç biri daşınmaz əmlak sahəsində fəaliyyət göstərmir.
Facility Management (FM) sistemi cəmiyyət, icma və təşkilatların iqtisadi səmərəlik və məhsuldarlığına, eləcə də insanların süni mühitlə qarşılıqlı əlaqəsinə təsir edən bir neçə istiqaməti özündə birləşdirir. Sözügedən idarəetmə sistemi təqdim etdiyi mexanizm və xidmətlər vasitəsilə əhali və cəmiyyətin sağlamlığı, rifahı və həyat keyfiyyətinə bilavasitə təsir göstərir.
Qlobal rəqabət mühitində istər dövlət idarəetmə orqanları, istərsə də müxtəlif biznes yönümlü şirkət, FM xidməti təminatçıları və digər maraqlı tərəflər üçün ümumi prinsip, anlayış və terminlərdən istifadə edərək məhsuldar əməkdaşlıq və ünsiyyətin qurulması əhəmiyyətli dərəcədə zəruridir.
ISO 41001:2018 standartının üstünlüklərinə aşağıdakılar daxildir:
– əməyin məhsuldarlıq və təhlükəsizliyi, eləcə də sağlamlıq və rifahın yaxşılaşdırılması;
– ictimaiyyət və özəl sektor təşkilatları arasında tələb və metodologiyalar haqqında məlumat mübadiləsinin təkmilləşdirilməsi;
– səmərəlilik və effektivliyin artması sayəsində təşkilatın gəlirliliyinin artırılması;
– xidmət göstərilməsi prosesində əlaqələndirmənin təkmilləşdirilməsi;
– bütün növ təşkilatlar üçün ümumi platformanın təmin edilməsi.
Qeyd edək ki, “Facility Management Group” ofis və yaşayış binaları, biznes və ticarət mərkəzləri və digər müxtəlif təyinatlı daşınmaz əmlakın idarə edilməsini həyata keçirən aparıcı şirkətdir. Şirkət binaların idarəedilməsi, icarəsi, satışı, bazar analizi, binaların biznes təyinatı üzrə ixtisaslaşıb.