Azərbaycanda yanvar ayında yuvarlaq olaraq işsizlik səviyyəsi stabil qalıb və son məlumatlara görə bu nisbət 5.3 faiz olub.
Banker.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilir ki, yanvarda iqtisadi fəal əhalinin sayı 5 milyon 312.6 min nəfər olub, onlardan 5 milyon 29.9 min nəfəri məşğul əhalidir.
İşsizlərin sayı isə 282.7 min nəfər təşkil edib. Bu, bir ay öncə isə 282.3 min nəfər idi.
Cari il yanvarın 1-nə olan məlumata görə, muzdla çalışan işçilərin sayı 1 milyon 778.5 min nəfər olub. Onlardan 882.8 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 895.7 min nəfəri isə qeyri-dövlət sektorunda çalışıb. İqtisadiyyatın neft-qaz sektorunda 31.8 min nəfər, qeyri neft-qaz sektorunda isə 1 milyon 746.7 min nəfər işləyib.
Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 22.8 faizi məhsul istehsalı sahələrində, o cümlədən 7.6 faizi emal sənayesində, 6.6 faizi tikintidə, 2.7 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 2.4 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı, 1.8 faizi mədənçıxarma sənayesində, 1.7 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində çalışıb.
Xidmət sahəsində işləyənlərin 18.5 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri, 18.5 faizi təhsil, 8.5 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6.3 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4.5 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 4.3 faizi nəqliyyat və anbar təsərrüfatı, 3.8 faizi peşə, elmi və texniki fəaliyyət, 3.5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 3.0 faizi istirahət, əyləncə və incəsənət, 2.2 faizi maliyyə və sığorta fəaliyyəti, 1.9 faizi informasiya və rabitə, 1.1 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar və 1.1 faizi digər sahələrdə xidmətlərin göstərilməsi sahəsində çalışıb.