2024-cü il dekabrın 1-i vəziyyətinə olan ilkin məlumatlara əsasən ölkədə işsizlik səviyyəsi 5.32% təşkil edib. Ölkədə 282.6 min işsiz şəxs qeydiyyata düşüb.
Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu da keçən ay təqribən 5.33% təşkil edirdi. Bununla belə, işsizlik yuvarlaq olaraq azalan xətlə getsə də, 2019-cu ildə qeydə alınmış səviyyə – 5%-ə tam gəlib çata bilməyib.
Bildirilir ki, iqtisadi fəal əhalinin sayı 5 milyon 310.2 min nəfər olmuş, onlardan 5 milyon 27.6 min nəfərini məşğul əhali təşkil etmişdir. Cari il noyabrın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1773.3 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 881.7 min nəfər, qeyri-dövlət sektorunda isə 891.6 min nəfər təşkil etmişdir.
İqtisadiyyatın neft-qaz sektorunda 31.6 min nəfər, qeyri neft-qaz sektorunda isə 1741.7 min nəfər çalışmışdır. Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 22.8 faizi məhsul istehsalı sahələrində, o cümlədən 7.5 faizi emal sənayesində, 6.8 faizi tikintidə, 3.2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 1.9 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı, 1.8 faizi mədənçıxarma sənayesində, 1.6 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində məşğul olmuşdur. Xidmət sahəsində işləyənlərin 18.6 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 18.4 faizi təhsil, 8.5 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6.4 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4.6 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 4.3 faizi nəqliyyat və anbar təsərrüfatı, 3.8 faizi peşə, elmi və texniki fəaliyyət, 3.3 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 3.0 faizi istirahət, əyləncə və incəsənət, 2.2 faizi maliyyə və sığorta fəaliyyəti, 1.9 faizi informasiya və rabitə, 1.1 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar və 1.1 faizi digər sahələrdə xidmətlərin göstərilməsi sahələrində çalışmışlar.