Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi nəzdində Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzi istehsal etdiyi 75-100 Vt LED işıqları 250 və 400 Vt-lıq lampalarda istifadə olunan korpuslarda əvəz edəcək.
Bu barədə Mərkəzdən bildirilib.
Qeyd olunub ki, artıq bu istiqamətdə Mərkəz tərəfindən sınaqlar aparılıb. Bununla yanaşı Wi-Fi zonada proqramla idarə oluna bilən LED işıqlanmanın proqram təminatı işlənilib.
Mərkəzdə istehsal olunan LED lampalarının dünya standartına uyğun işıq parametrləri optik laboratoriyada hesablanıb və dəqiqləşdirilib.
Qeyd edək ki, 2016-cı ildə Mərkəz ilk dəfə LED mənbələri Dövlət Bayrağı Meydanının işıqlandırmasında pilot olaraq tətbiq edib. Ərazidə istifadə olunan adi 84 vattlıq lampalar 50 Vt-lıq LED lampalarla əvəz edilmişdir ki, bu da enerji istehlakında yarıyadək qənaət etməyə imkan yaratmışdır.