Azərbaycanda iqtisadi fəaliyyət növləri üzrə sənaye məhsullarının istehsalçı qiymət indeksləri (PPI) 2024-ce ilin sentyabrında artıb.
Banker.az xəbər verir ki, sentyabrda illik müqayisədə sənaye məhsullarının istehsalçı qiymət indeksləri 2.3% artıb.
PPI istehsalçıların öz məhsul və xidmətlərini satışa çıxardıqları qiymətlərdəki orta dəyişiklikləri ölçür. Bu, inflyasiyanı istehsalçılar və ya bizneslər baxımından qiymətləndirir, yəni istehsalçıların topdan və ya pərakəndə satıcılara məhsulları hansı qiymətlərlə satdıqlarını əks etdirir.
İstehsalçı qiymətləri yüksəldikdə (bu, PPI-nin artması ilə ifadə olunur), bizneslər adətən bu artan xərcləri istehlakçılara daha yüksək pərakəndə qiymətlər şəklində ötürürlər. Nəticədə inflyasiyanın artması baş verir. Məsələn, polad və ya neftin qiyməti qalxarsa, istehsalçılar avtomobil və ya benzin kimi məhsullar üçün daha çox pul tələb edərlər, bu da istehlakçıların ödədiyi qiymətlərin artmasına səbəb olur. Bazarda rəqabətin zəifliyi halında qiymətlər bazara daha tez ötürülə bilir.
Azərbaycanda istehlakçı qiymətləri indeksi keçən ay 3.5%-də sabit qaldı. Bununla belə hazırda əsasən emal sənayesindən təziyiq müşahidə edilməkdədir. Emal sənayesi üzrə PPI isə illik 3.8% artıb. Bu keçən ayda illik 3.6% idi.
Lakin bu əlaqə hər zaman birbaşa və ya dərhal baş vermir və tələb, rəqabət kimi müxtəlif amillər də bu təsiri dəyişə bilər. Misal üçün qida sənayesindəki istehsalçılar üçün qiymət indeksi hələ də öncəki ildən aşağıdır. PPI dolayı yolla qida sənayesində fərqli təsir göstərib. Məsələn, keçən ay qida istehsalçıları üçün qiymətlər illik müqayisədə 0.4 faiz azaldığı halda ölkədə qida üzrə istehlak qiymətləri indeksi illik 2.7% artıb.
Azərbaycanda emal sənayesində ən çox artım neft məhsullarında qeydə alınıb. Şirkətlər üçün qiymətlər 9.3% bahalaşıb.