Azərbaycanda əsasən kompyuter və təhlükəsizlik sisteminin, aksesuarlarının satışı, quraşdırılması, texniki servisini həyata keçirən “Estet” MMC 2024-cü maliyyə ilini 1 milyon 299 min manat xalis mənfəətlə başa vurub.
Banker.az bunu şirkətin konsolidə edilmiş maliyyə hesabatına istinadən xəbər verir.
Bu göstərici əvvəlki il – 2023-cü illə müqayisədə 161 min manat və ya 14.2% artım deməkdir.
Şirkətin ümumi gəliri 2024-cü ildə 14 milyon 650 min manat olub, bu isə 2023-cü ildəki 12 milyon 977 min manatdan 12.9% çoxdur.
Bununla da kapitalındakı bölüşdürülməmiş mənfəət 6 milyon733 min manata yüksəlib.
Xidmətlərin maya dəyəri 10 milyon 739 min manat olmaqla illik 6.3% artım göstərib. Əməliyyat xərclərində də artım qeydə alınıb – 2023-cü ildə 3 milyon 118 min manat olan inzibati xərclər 2024-cü ildə 3 milyon 215 min manata yüksəlib.
Əldə olunan ümumi mənfəət 3 milyon 917 min manat olub ki, bu da 2023-cü ildəki 3 milyon 119 min manatla müqayisədə 798 min manat və ya 25.6% artımdır.
Bundan əlavə, balans göstəricilərinə əsasən, “Estet” MMC-nin ümumi aktivləri 2023-cü ildə 7 milyon 151 min manat ikən, 2024-cü ildə bu rəqəm 8 milyon 478 min manata çatıb. Yəni şirkətin aktivləri 1 milyon 327 min manat və ya 18.6% artıb. Xüsusilə pul vəsaitlərində ciddi artım müşahidə olunub – ilin əvvəlində 1 milyon 471 min manat olan pul vəsaitləri ilin sonunda 2 milyon 173 min manata yüksəlib ki, bu da 701 min manat və ya 47.6% artım deməkdir.
Xatırladaq ki, “ESTET” MMC 1997-ci ildən Azərbaycanda fəaliyyətədədir. Hal-hazırda Azərbaycan, Özbəkistan, Gürcüstanda olan fililalları və digər MDB ölkələrindəki partnyor şirkətləri vasitəsi ilə inşaat firmalarını, inteqratorları və digər müəssisələri yüksək , orta və aşağı elektrik cərəyanı sistemləri ilə təmin edir. Kompyuter və təhlükəsizlik sisteminin, aksesuarlarının satışı, quraşdırılması, texniki servisi xidməti ilə məşğuldur.