Azərbaycanda kənd təsərrüfatı sahəsində yeni sığorta modeli və qanun layihəsi hazırlanır. Bunu Azərbaycan hökuməti ilə Beynəlxalq Maliyyə Korporasiyası arasında əməkdaşlıq sazişlərin və anlaşma memorandumlarının imzalanma mərasiminə həsr olunan mətbuat konfransda çıxış edərkən Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev deyib.
Onun sözlərinə görə, hazırda bu məsələ, Milli Məclisdə ölkə başçısının göndərişi əsasında baxılır.
“Bu gün Beynəlxalq Maliyyə Korporasiyası ilə Kənd Təsərrüfatı Nazirliyinin imzaladığı sazişə əsasən, layihənin 2-ci komponenti üzrə – yeni aqrobiznes sektorunun rəqabət qabiliyyətinin gücləndirilməsi istiqamətində işlər görüləcək. Dünya Bankı ilə bu istiqamətdə hazırda 20-dən artıq dəyər zəncirləri qurulub. Bütün bunlar bizə imkan verir ki, bugünkü layihə çərçivəsində aqrobiznes sektorunun rəqabət qabiliyyətinin gücləndirilməsi üçün həm normativ hüquqi bazanın təkmilləşdirilməsi, eyni zamanda bu sahənin inkişafı üçün yeni maliyyə mexanizmlərinin hazırlanmasına nail olaq. Buna nümunə olaraq, müqavilə əsaslı maliyyələşmə mexanizminin işə salınması kimi məsələləri hazırlayaq”, – deyə M. Əliyev qeyd edib.
Agentliyinin sədri həmçinin bildirib ki, layihə çərçivəsində Azərbaycanda keyfiyyətli toxuma çıxışın təkmilləşdirilməsi üçün həm qanunvericilik bazasını, eyni zamanda özəl sektorun bu sahədə rolunun artırılması üçün işlərin görülməsi nəzərdə tutulur.
©Ona