20 C
Baku
Friday, October 10, 2025

Azərbaycanda kibertəhdidlərə qarşı platforma yaradıb

Ölkə səviyyəsində kibertəhlükəsizliklə bağlı informasiya mübadiləsinin həyata keçirilməsi, müasir təhdidlərdən qorunma məqsədilə açıq mənbələr əsasında kibertəhdid və insidentlərin mübadiləsi platforması yaradılıb. Bu platformaya artıq 30-dan çox dövlət qurumu qoşulub.

Bu barədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov “Critical Infrastructure Defence Challenge-2025″ tədbirində çıxışı zamanı deyib.

Saməddin Əsədov qeyd edib ki, Milli Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi (CERT) ilə beynəlxalq CERT-lər arasında vahid məlumatlandırma mexanizmlərinin qurulması, təhdidlərin qiymətləndirilməsi, dövlət qurumları arasında koordinasiya və məsləhətləşmə platformalarının yaradılması istiqamətində işlərə başlanılıb.

“Kibertəhlükəsizlik dayanıqlı rəqəmsal inkişafın təmin edilməsində ən vacib komponentlərdən biridir. Bu sahədə ixtisaslı kadr potensialının artırılması məqsədilə İsrailin “Technion” Universiteti ilə əməkdaşlıq çərçivəsində yarımillik təlim proqramı həyata keçirilir. Proqram çərçivəsində 500 mütəxəssisin hazırlanması, yüzlərlə şəxsin praktiki məşğələlərə və ixtisasartırma təlimlərinə cəlb olunması nəzərdə tutulur. Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin məzunları bu gün keçirilən kibermüharibə yarışında da iştirak edirlər”, – deyə nazir müavini vurğulayıb.

Saməddin Əsədov bildirib ki, “hökumət buludu” layihəsinin əsas provayderi “AzInTelecom”dur: “Artıq yüzdən çox dövlət qurumu informasiya sistemlərini “hökumət buludu”na köçürüb. Hazırda əlavə iki yeni DATA mərkəzin yaradılması üzərində də işlər aparılır. “AzInTelecom” tərəfindən tətbiq olunan SİMA rəqəmsal həlli ölkədə rəqəmsal transformasiya üçün mühüm addımlardan biridir. Biometriya, kriptoqrafiya və süni intellekt texnologiyalarını birləşdirən bu mobil tətbiqdən 5 milyondan çox vətəndaş istifadə edir və 200-dən artıq hökumət portalına giriş imkanı yaradır”.

Son xəbərlər
Digər xəbərlər