“Azərenerji” ASC-nin idarəetməsində olan kiçik su elektrik stansiyaları özəlləşdirilməyə çıxarıla bilər”.
Bunu açıqlamasında Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi yanında “Azalternativenerji” MMC-nin baş energetiki (əvvəlki Sənaye və Energetika Nazirliyinin Energetika şöbəsinin sabiq müdiri) Tahir Cəfərov deyib.
T.Cəfərovun sözlərinə görə, bu tipli stansiyaların fəaliyyətinin araşdırılması üçün energetika naziri göstəriş verib: “Elektrik stansiyaları haqqında qanunda 50 kVt-10 Mvt arasında olan su elektrik stansiyaları kiçik su elektrik stansiyaları sayılır. Bu da alternativ enerji mənbələri kimi göstərilir. Amma, əslində bu, düzgün deyil. Bu yaxınlarda yeni energetika naziri Pərviz Şahbazov bu məsələni qaldırıb. Bəzi araşdırmalar aparılıb. Mən də bu görüşdə iştirak etdim. Nazirlik tərəfindən artıq düzgün yol tutulub. Nazir göstəriş verib ki, kiçik su elektrik stansiyalarının fəaliyyəti və effektivliyi ilə əlaqədar araşdırmalar aparılsın. Nəticəsini yaxın müddətdə görəcəksiz. Müsbət nəticə olacağına əminəm. Hesab edirəm ki, rəhbərlik səviyyəsində onların ya özəl sektora verilməsi ya da daha effektli istismar üçün addımların atılması üçün qərar veriləcək”.
Xatırladaq ki, hazırda “Azərenerji”nin idarəetməsində 6 kiçik su elektrik stansiyası var.