10 C
Baku
Wednesday, November 13, 2024

Azərbaycanda kiçik və orta biznesin inkişafı ilə bağlı hədəflər açıqlandı

“İnanıram ki, Xaçmaz rayonunda Kiçik və Orta Biznes Evinin (KOB Evi) açılması bu rayonda və bölgədə olan kiçik və orta biznes nümayəndələrinin bu mərkəzə axınını təmin edəcək. Bu bölgədə olan iqtisadi fəallıq onların bu qərarlarının faydasını görməyə imkan verəcək”.

Bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün Xaçmazda Kiçik və Orta Biznezin İnkişafı Agentliyinə (KOBİA) məxsus KOB Evinin açılışında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, bu gün bizim qarşımızda kiçik və orta biznesin inkişafı ilə bağlı bir neçə mühüm hədəflər durur: “Bir neçə aspektdən bizim üçün kiçik və orta biznesin inkişafı prioritet məsələdir. Onlardan biri də məşğulluqdur. Bilirsiniz ki, ölkəmizdə mövcud olan iqtisadi, siyasi sabitlik, makroiqtisadi sabitlik Azərbaycanın regionda, bölgədə xüsusi rolunu şərtləndirir. Bu nöqteyi-nəzərdən ölkəmizin hər bir vətəndaşının, sahibkarlığa marağı olan hər bir şəxsin potensialının reallaşdırılması üçün sadəcə olaraq iş yeri tapmaq fikri ilə deyil, iş yeri yaratmaq fikri ilə işə başlayan hər bir vətəndaşımız üçün dövlət tərəfindən bir sıra alətlər və institusional tədbirlər vasitəsilə müvafiq qanunvericilik çərçivəsində dəstək verilir, şərait yaradılır”.

M. Cabbarov vurğuladı ki, Azərbaycan Qafqazda əhalisinin sayına görə, ən böyük ölkədir: “Hər il bizim əmək bazarımıza 100 minə yaxın yeni işçi çıxır. Bu işçilərin iqtisadiyyatda məşğulluğunun təmin edilməsi, ölkəmizin iqtisadi potensialının reallaşdırılmasına töhfə vermək nöqteyi-nəzərindən KOB-ların rolu həddən artıq vacibdir. İqtisadiyyatın strukturu getdikcə dəyişir. Ölkəmiz qısa müddət ərzində sürətli inkişaf yolu keçib. Qarşımızda duran əsas məsələlərdən biri ondan ibarətdir ki, iqtisadiyyatımızın strukturunu sürətlə dəyişdirək, onun mümkün qədər neft və qaz sektorundan az asılılığını təmin edək. Bütün bunlarda KOB-ların yaratdığı məşğulluq xüsusilə vacibdir. Bu xüsusilə ona görə vacibdir ki, Azərbaycanda keçirilən uğurlu sosial-iqtisadi inkişaf nəticəsində əhalimizin də sayı artıb və ötən il 10 milyon vətəndaşı olan ölkəyə çevrilmişik”.

Onun sözlərinə görə, üçüncü böyük amil onunla bağlıdır ki, dünya iqtisadiyyatında proseslər sürətlə dəyişir, getdikcə əmək müqavilələrinin, muzdlu işçilərin sayı özünəməşğul insanların sayı ilə müqayisədə artım tempi çox fərqlidir: “Özünəməşğul insanların rolu getdikcə artır. Biz öz ölkəmizdə bunu fərdi sahibkarların sayının artması ilə müşahidə edirik. Sizinlə bölüşə bilərəm ki, 2019-cu il ölkəmiz üçün uğurlu il olub. Cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi islahatlar sayəsində ölkəmizdə 150 mindən çox yeni muzdlu iş yerləri yaradılıb və rəsmiləşib. Eyni zamanda 10 minlərlə yeni sahibkar fəaliyyətə başlayıblar”.

©Report

Son xəbərlər
Digər xəbərlər