11 C
Baku
Tuesday, November 26, 2024

Azərbaycanda KOB-lara reklam məsələsində imtiyaz və güzəştlərin verilməsi təklif olunur

Azərbaycanda reklam bazarında KOB-lara münasibətdə imtiyaz və güzəştlərin tətbiqinin nəzərdən keçirilməsi yaxşı olardı.

Bunu İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Bakıda “Reklam bazarında yeniliklər və çağırışlar” mövzusunda keçirilən ictimai müzakirələrdə bildirib.

“Bundan əvvəl reklam normaları sahəsində məlumatsızlıq bir çox hallarda cərimələrin tətbiq edilməsi ilə nəticələnirdi ki, bu da sahibkarların daha çox narazılıqlarına səbəb olurdu. Biz KOBİA olaraq bunu öncəki tədbirlərimizdə də səsləndirmişdik. Lakin son dövrlər apardığımız müşahidələrə əsasən KOBİA-nın Dövlət Reklam Agentliyi ilə birgə, o cümlədən aidiyyəti qurumların iştirakı ilə tədbirlərin mütəmadi davam etdirməsi, sahibkarların reklam ödənişləri, qayda və prosedurlar barədə maarifləndirilməsi onların bu sahədə məlumatlılıq səviyyəsini xeyli artırıb və əvvəllər mütəmadi müşahidə edilən xöşəgəlməz hallar azalıb. Bu əslində olduqca müsbət bir haldır. Ona görə də qurumlararası sıx əməkdaşlıq və maarifləndirmə tədbirlərinin bundan sonra da davam etdirilməsi çox vacibdir”, – deyə o qeyd edib.

Bununla belə, O.Məmmədov əlavə edib ki, əldə edilmiş müsbət nəticələrə rəğmən sahibkarları narahat edən bir sıra məsələlər hələ də qalmaqdadır: “Belə ki, bəzi hallarda sahibkarlar reklam üçün ödənişsiz ayrılmış sahənin az olmasından şikayətlənir və həcminin artırılmasını xahiş edirlər. Bundan əlavə bu məqsəd üçün ayrılacaq sahələrin sahibkarların fəaliyyət istiqamətinə uyğun tətbiq edilməsini təklif edirlər. Ümumiyyətlə müvafiq sahədə KOB-lara mübasibətdə də imtiyaz və güzəştlərin tətbiqinin nəzərdən keçirilməsi daha yaxşı olardı. KOB-lara münasibətdə yeni güzəşt mexanizmlərinin müəyyən edilməsi bu sahədə fəaliyyət göstərən və ya biznesinə yeni başlayanlara stimul verə bilər. Xüsusən də yeni yaradılan mikro bizneslərin fəaliyyətinin dayanıqlılığı üçün fərqli yanaşmaların tətbiqi onların gələcək fəaliyyətinə də təsir edə bilər”.

“Əlbəttə KOBİA-ya edilən müraciətlər sırasında, habelə keçirilən görüşlərdə sahibkarları narahat edən digər məsələlər də var, elə bu görüşü keçirməkdə məqsəd bu problemləri sizlərdən yerində dinləməkdir. Belə tədbirlərdə qaldırılacaq məsələlər və səsləndirilən təkliflər əlbəttə ki sektorun gələcək inkişafına zəmin yaratmış olur”. “Ümid edirəm ki, bugünkü tədbir çərçivəsində aparılacaq müzakirələr, səsləndiriləcək fikir və təkliflər sektorun inkişafı üçün əlavə töhfə olacaq. Bu baxımdan bütün iştirakçıları müzakirələrdə fəal olmağa çağırıram”, – O. Məmmədov vurğulayıb.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər