Azərbaycanda KOB-ların rəqəmsallaşma səviyyəsi qiymətləndirildikdən sonra hər bir şirkətin ehtiyaclarına uyğun rəqəmsallaşma üzrə fərdiləşdirilmiş yol xəritələri yaradılacaq.
Bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov “KOB-ların rəqəmsallaşma proqramı”nın təqdimat mərasimində bildirib.
Onun sözlərinə görə, eyni zamanda rəqəmsallaşmanın effektivliyini artıran bulud və qeyri-bulud məhsullar təklif ediləcək
“Proqramda bizneslərin rəqəmsallaşma səviyyələrini ölçmələri üçün Rəqəmsal Yetkinlik İndeksi (RYİ) və rəqəmsal yetkinliyi orta və yüksək səviyyədə olan KOB-lar üçün nəzərdə tutulmuş qiymətləndirmə sistemi kimi funksionallıq təqdim edilir. Rəqəmsallaşma səviyyəsi aşağı olan KOB-lar üçün müxtəlif vörkşoplar, seminarlar, təlimlər keçiriləcək”, – S. Məmmədov qeyd edib.
Nazir müavini vurğulayıb ki, bu müəssisələr təchizat zəncirinin ticarət, sənaye və xidmət istiqamətlərinin təmin edilməsi, o cümlədən cəmiyyətdə iqtisadi inklüzivliyin yayılmasında özünəməxsus rol oynayır: “İnnovasiya və rəqəmsallaşma sahəsində atdığımız hər addım Azərbaycanı dayanıqlı inkişaf yolunda irəliləyən, şaxələnmiş iqtisadiyyatı və rəqabət qabiliyyəti yüksək olan bir ölkəyə çevirəcək. Bununla bağlı proqramın əhəmiyyətli xüsusiyyətlərindən biri yerli təchizatçılara da dəstək göstərməsi olacaq. Hesab edirəm ki, hazırda başladılan KOB-ların rəqəmsallaşması proqramı ölkəmizin iqtisadi həyatı üçün böyük əhəmiyyət kəsb edən hadisədir, çünki KOB-lar öz fəaliyyətləri ilə iqtisadi artıma və paralel olaraq yeni iş yerlərinin yaranmasına mühüm töhfə verirlər”.
O bildirib ki, KOB-ların rəqəmsallaşma proqramının tam formatda icrası 2025-ci ilin əvvəlində nəzərdə tutulub.