-3 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanda köhnə avtomobillərin utilizasiyası necə həyata keçiriləcək?

Azərbaycanda 2018-ci ilin dekabr ayında təsdiq edilmiş “Yol hərəkətinin təhlükəsizliyinə dair Dövlət Proqramı”nda köhnə avtomobillərin utilizasiyasına dair ayrıca proqramın hazırlanması nəzərdə tutulub. “Mexaniki nəqliyyat vasitələrinin utilizasiyası” adlı proqramın layihəsi artıq hazırdır və dövlət qurumları ilə razılaşdırma mərhələsindədir. Bəs bu proqram necə həyata keçiriləcək?

“Proqram mərhələli şəkildə icra edilməlidir”

Nəqliyyat sahəsi üzrə ekspert Eldəniz Cəfərov hesab edir ki, sözügedən proqram mərhələli şəkildə icra edilməlidir: “Utilizasiya böyük sosial-iqtisadi proqramdır. Hər ölkə bu proqramı həyata keçirə bilmir. Bunun üçün iqtisadiyyat dayanıqlı olmalıdır. Azərbaycan da milli iqtisadiyyatının dayanıqlılığına güvənərək utilizasiya proqramı hazırlayır və gələn ilin sonuna qədər bu işi bitirməlidir. Proqramın icrası isə “2022-2026-cı illərin sosial-iqtisadi inkişaf strategiyası” çərçivəsində olacaq. Deməli hələ qarşıda 3-4 ilimiz var. Utilizasiya proqramını tələsik yerinə yetirməyə ehtiyac yoxdur. Bunun üçün bəzi məsələləri həll etmək lazımdır. Bu ilin yanvar ayından Azərbaycana ekoloji təmiz nəqliyyat vasitələrinin idxalı ƏDV-dən, noyabr ayından isə elektromobillərin idxalı gömrük rüsumundan azad edilib. Qarşıdakı illərdə də stimullaşdırıcı tədbirlər olacaq ki, vətəndaşlarımız üçün yeni, ekoloji təmiz nəqliyyat vasitələri almaq əlçatan olsun. Bundan sonra utilizasiya proqramını həyata keçirə bilərik. İndiki vəziyyətdə bu proqrama başlasaq, qeyri-effektiv olar”.

“Bizdə bu proses könüllü olacaq”

Onun sözlərinə görə, bir sıra ölkələrdə utilizasiya məcburi xarakter daşısa da, Azərbaycanda könüllü olacaq: “Bəzi ölkələrdə dövlət avtomobilləri bazar qiyməti əsasında məcburi qiymətləndirir və bunun əsasında vətəndaşa hansısa məbləğ ödəyir. İri avtomobil sənayesi olan ölkələrdə isə adətən köhnə avtomobillərin dəyərinə uyğun vauçerlər verilir, vətəndaş yeni avtomobil alanda həmin vauçeridəki məbləğ qədər güzəşt qazanır. Azərbaycanda isə utilizasiya proqramı üçün könüllülük prinsipi əsas götürülür. Yəni vətəndaşların avtomobilləri əllərindən məcburi alınmayacaq. İnsanlar könülü qaydada köhnə avtomobillərini təhvil verib dövlətdən vauçer alacaq. Vauçerin verilməsi dövlət və biznes dialoqu əsasında olacaq. Yəni ölkəmizdə fəaliyyətdə olan avtomobil dilerləri və distribütorları ilə dövlətin müştərək layihələndirməsi əsasında avtomobilini utilizasiya edən vətəndaşa vauçer veriləcək. Həmin vauçer o zaman likvidləşəcək ki, vətəndaş özünə yeni avtomobil almaq istəyəcək”.

“Utilizasiya proqramını icra etmək xüsusən bizim kimi ölkələr üçün o qədər də asan deyil. Çünki biz iri avtomobil istehsalçısı deyilik. Çin, Rusiya, Avropa ölkələri, Yaponiya, ABŞ iri avtomobil istehsal edən ölkələrdir və onlar üçün utilizasiya proqramını həyata keçirmək olduqca rahatdır. Bizdə isə avtomobil istehsalı səviyyəsi çox aşağıdır və bu səviyyə ilə utilizasiyanı həyata keçirmək çətindir. Buna görə biz məcburuq elə stimullaşdırıcı addımlar ataq ki, yeni avtomobil almaq vətəndaş üçün münasib olsun”, – deyə ekspert əlavə edib.

“Utilizasiyaya tam yararsız avtomobillərdən başlanılsın”

Bundan başqa, E.Cəfərov təklif edir ki, utilizasiya prosesinə tam yararsız avtomobillərdən başlanılsın: “Hazırda ölkəmizdə köhnə və istismarda olan avtomobillər çoxdur. Elə avtomobillər var ki, onlar nə vaxtsa, qəzaya düşüb, sonra istifadə olunmayıb, uzun müddət bir yerdə qalıb, artıq “metallom”a çevrilib. Bu avtomobillər hardasa qalmağı ilə həm ətraf mühitə zərər verir, həm də yer tutur. Düşünürəm ki, həmin avtomobillərin məcburi utilizasiyası proqramı da ola bilər. Bu zaman da vətəndaşa müəyyən məbləğdə nağd pul verilə bilər. Hər halda bu, mənim versiyamdır. Proqramın mətnləri hələ ki, açıqlanmayıb. Hələ ki, bu proqram üzərində iş getməlidir. Stimullaşdırıcı addımlar atılandan sonra proqram icra edilə bilər. Düşünürəm ki, ilk növbədə SSRİ dövründən qalma, bu günün təhlükəsizlik qaydaları və ekoloji standartlara cavab verməyən avtomobillərin utilizasiyasından başlasaq, yaxşı olar”.

Rəsmilər deyir ki, …

Ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə isə deyir ki, sözügedən proqrama əsasən vətəndaşlar onlara veriləcək vauçerlə ya yeni maşın alarkən güzəşt, ya də müəyyən məbləğdə nağd vəsait əldə edə biləcək: “Yəni köhnə avtomobilini təhvil verən vətəndaş hansısa dilerə yaxınlaşıb yeni avtomobil almaq istəyəndə ona həmin vauçerin məbləği qədər endirim ediləcək. Amma bu məbləğin nağdlaşdırılması məsələsi də nəzərdə tutulub. Avtomobil sahibi yeni avtomobil almaq istəməsə, müəyyən nağd məbləğ də əldə edə bilər. Proqramın müsbət tərəfi odur ki, avtomobillərin ayrı-ayrı metal, şüşə və plastik hissələri yenidən utilizə olunacaq, yəni təkrar emal olunaraq xammal kimi istehsalat dövriyyəsinə qaytarılacaq”.

“Utilizasiya proqramının icrasında avtomobilin neçə ildir ki, istismar olunması nəzərə alınsa da, həlledici rola malik deyil. Ola bilər ki, uzun illər istismar olunan avtomobil texniki cəhətdən saz vəziyyətdə olsun. Bəzən də yeni avtomobil qəzaya düşür, onu istismar etmək mümkün olmur. Hər iki halda həmin avtomobillərin utilizasiyası mümkün olacaq. Burda könüllülük prinsipi əsas götürülür”, – deyə o qeyd edib.

“Vauçerin məbləği maksimum 4 min manat olacaq”

Nazirlik rəsmisinin sözlərinə görə, utilizasiya proqramında təhvil verilən avtomobilin əvəzində veriləcək vauçerin məbləği nəqliyyat vasitəsinin növünə görə təyin ediləcək və maksimum 4 min manat təşkil edəcək: “Nəqliyyat vasitəsinin minik avtomobili, qoşqulu maşın, traktor, ekskovator, avtobus, yük maşını kimi növlərdən olmasına görə vauçer məbləği dəyişəcək. Məbləğin müəyyən edilməsində avtomobilin istehsal ili və yaxud texniki vəziyyəti, işlək vəziyyətdə olub-olmaması rol oynamır. Amma avtomobilin hansısa ehtiyyat hissəsinin onun üstündən çıxarılmasına görə məbləğ aşağı düşəcək”.

Son xəbərlər
Digər xəbərlər