Bu ilin iyulun 1-nə Azərbaycanda dövlət qeydiyyatından keçmiş 168 653 kommersiya qurumu olub.
Bu, ötən il iyulun 1-i ilə müqayisədə 10,1 % çoxdur.
O cümlədən son 1 ildə aktiv kommersiya qurumlarının sayında isə 13,5 % artım qeydə alınıb.
İyunun 1-nə dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 88,7 %-i MMC, 1,3 %-i SC, 1,1 %-i kooperativ və s. formalarda yaradılıb. Bu dövrdə dövlət qeydiyyatında olan kommersiya qurumlarının tərkibində aktiv ƏDV ödəyicilərinin sayı 32 726 vahid təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 14,8 % artım deməkdir.
Bu ilin I yarısında 8 012 kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, onların da 87,9 %-i yerli, 12,1 %-i isə xarici investisiyalıdır. Qeydiyyatdan keçmiş kommersiya qurumlarının 82,3 %-i elektron qaydada qeydə alınıb. Yerli investisiyalı MMC-lərin e-qeydiyyatının xüsusi çəkisi 94,6 % təşkil edib. 6 ay ərzində yeni qeydiyyat üsulu ilə (fin kod+mobil nömrə) 6 989 yerli MMC qeydiyyata alınıb.
Yanvar-iyun aylarında fəaliyyəti aktivləşdirilmiş (bərpa edilmiş) hüquqi şəxslərin sayı 1 il əvvələ nisbətən 26,3 %, fəaliyyəti aktivləşdirilmiş ƏDV ödəyicilərinin sayı isə 17 % artıb.