Azərbaycan Mərkəzi Bankında depozit gəlirlərində vergi güzəştlərinin ləğvindən sonra banklar həmin xərci öz depozit faizlərində əks etdirəcəyini hesab edirlər. Yəni, güzəşt müddəti uzadılmazsa, əmanət gəlirləri vergiyə cəlb olunarsa o halda banklar depozitlər üzrə faizləri artıracaq.
Banker.az xəbər verir ki, bank vətəndaşa daha çox dividend ödəyəcək ki, vergi çıxılandan sonra onun depozit gəlirində azalmas baş verməsin.
“Vergi Məcəlləsinə əsasən, 7 il müddətinə depozit gəlirlərinə güzəşt tətbiq olunub və bu dövr artıq başa çatıb. Depozit gəlirlərini vergiyə cəlb olunması qanunvericiliyin tələbidir”, – deyə, AMB-nin sədri Taleh Kazımov dünən press-konfransda bildirib. Kazımova görə, güzəştlərin ləğvi əmanət bazasına hər hansı təhdid yaratmır: “Hesab edirik ki, banklar həmin xərci öz depozit faizlərində əks etdirəcək. Ola bilər ki, bu kredit faizlərinə təsir etsin. Bunu isə qarşıdakı təhlillərimiz əsasında deyə biləcəyik”.
Bununla bağlı açıqlama verən Milli Məclisin deputatı Vüqar Bayramov deyir ki, bu əslində Azərbaycanda kredit faziləri yenidən arta bilməsinə də işarədir.
“Mərkəzi Bankın özünün metodologiyasında da bank kreditlərinin faizlərinin yüksək olmasını depozitlərin bahalılığı ilə əlaqələndirir. Deməli, depozit faizlərin artması kreditlərin bahalaşmasına və bankların daha yüksək faizli kredit təklif etməsinə səbəb olacaq. Yəni, əmanət gəlirləri vergiyə cəlb olunarsa o halda kreditlər bahalaşacaq”.
Mərkəzi Bankın məlumatına görə, hazırda kredit portfeli 19.59 milyard manatdır.
Banklarda olan əmanətlər 2016-cı il fevralın 1-dən etibarən 7 (yeddi) il müddətində vergidən azad edilmişdi. Belə ki, “Vergi Məcəlləsi”nin 102.1.22-ci maddəsinə əsasən, yerli bank və xarici bankın Azərbaycan Respublikasında fəaliyyət göstərən filialı tərəfindən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirləri, habelə emitent tərəfindən investisiya qiymətli kağızları üzrə ödənilən dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri gəlir vergisindən azad idi. Fevralın 1-dən isə bu güzəşt qüvvədən düşdü və heç bir dəyişiklik edilmədi.
Yeri gəlmişkən, Mərkəzi Bank ölkədə artan trendlə davam edən inflyasiyanı cilovlamaq üçün faizləri 25 baza bəndi artırmaqla 8.5%-ə qaldırdı. Digər tərəfdən isə məcburi ehtiyat normalarını 1%-dən 4-5%-ə qədər artırıb ki, bu da bankların əlindəki 1 mlrd. manat ekvivalenti üzərində vəsaitin AMB-də saxlanmasını məcburi edir. Anti-inflyasiya tədbiri olaraq açıq bazar əməliyyatından dayanmır. Həftəyə 120 mln. manatlıq vəsaiti bazardan not emissiya etməklə yığır. Ətraflı bu linkdəki yazımızda.