17 C
Baku
Friday, April 19, 2024

Azərbaycanda led işıq problemi: qanunla qadağan deyil, yol polisi isə cərimə edir

BƏZİ SÜRÜCÜLƏR avtomobillərinə istehsalçı zavodlar tərəfindən nəzərdə tutulmayan əlavə avadanlıqlar quraşdırır. Bura led və ksenon işıqlar da daxildir.

“Yol hərəkəti haqqında” qanunun 1 saylı Əlavəsinin III hissəsinin 1-ci bəndinin tələbinə görə xarici işıq cihazlarının miqdarı, tipi, rəngi, yerləşməsi və iş rejimi nəqliyyat vasitəsi konstruksiyasının tələblərinə uyğun olmalıdır.

Həmçinin, qanun ön fənərlərin ağ, sarı, narıncı rənglərdən başqa digər rəngdə olmasını qadağan edir.

İşıqqaytarıcılar isə mütləq ağ rəngdə olmalıdır. Arxa fənərlərdə isə geriyə hərəkət fənəri və qeydiyyat nişanı işığı yalnız ağ, arxa “stop”lar yalnız qırmızı, dönmə və duman fənərləri narıncı və sarı rəngdə olmalıdır.

İnzibati Xətalar Məcəlləsinin 155.2.2 maddəsinə əsasən (Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərin pozulması) normativ tələblər pozulmaqla avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə sürücülər 20 manatdan 30 manatadək cərimə edilir.

Baş Dövlət Yol Polisi İdarəsi hesab edir ki, led tipli işıqdiodlu lampalar avtomobilin hərəkəti zamanı yola düzgün işıq vurmur, xüsusən də uzaq məsafə rejimində daha çox təhlükə yaradır.

Qeyd olunur ki, belə işıq cihazlarından avtomobilin salonunun içərisinin işıqlandırılması üçün istifadə oluna bilər.

Azərbaycan “Təkərli nəqliyyat vasitələri, təkərli nəqliyyat vasitələrində quraşdırılan və ya istifadə olunan avadanlıq və hissələr üçün vahid texniki qaydaların və bu qaydalar əsasında verilən razılıqların qarşılıqlı şəkildə tanınma şərtlərinin qəbul edilməsi haqqında” beynəlxalq Müqaviləyə qoşulub.

Həmin müqaviləyə qoşulan dövlətlər BMT-nin Avropa İqtisadi Komissiyası (AİK) tərəfindən avtomobillərə, onların avadanlıq və hissələrinə dair işlənib hazırlanan razılaşdırılmış qaydaları (yəni avtomobillərə aid texniki şərtləri və standartları) tanımalı və tətbiq etməlidirlər.

Avtomobillərdə işıq cihazlarına dair standartlar isə AİK-in 48 saylı qaydalarında müəyyən edilib.

Nəqliyyat eksperti Elməddin Muradlı avtomobillərdə led işıqlardan istifadə ilə bağlı oxu.az-a açıqlamasında deyib ki, bunlar qadağan olunan cihazlar kateqoriyasına daxil deyil.

O bildirib ki, sadəcə olaraq avtomobillərdə led işıqlardan düzgün, normaları pozmamaq şərti ilə istifadə etmək lazımdır.

“VAZ” markalı avtomobillərdə, “Mercedes”in, “Hyundai”in, “Nissan”ın köhnə modellərində istehsalçı zavod heç vaxt led işıq və ksenon lampalar nəzərdə tutmayıb.

Bununla belə, led işıqlar qadağan olunmayıb. Sadəcə olaraq həmin tip işıqlar quraşdırılarkən, maşının elektrik gücü nəzərə alınmalıdır. Həmin led lampanın avtomobilin üzərində olan sadə lampanın gücünə bərabər olub-olmaması nəzərə alınmalıdır. İşığın düzgün bucaq altında düşməsi, sağa, sola doğru səpələnməsi, önə hansı dərəcə işıq salması, qarşıdan gələn nəqliyyat vasitələrinin sürüclərinə nə qədər maneə törətməsi – bunlar hamısı mütləq nəzərə alınmalıdır”.

Ekspert qeyd edib ki, led işıqları kustar üsulla quraşdıranlar böyük təhlükə yaratdıqlarının fərqinə varmalıdırlar.

“Kustar üsulla quraşdırılma avtomobildə alışmaya səbəb olan əsas amillərdən biridir. Düzgün elektrik ustaları var ki, onlar led işıqları çox düzgün, standartlara uyğun quraşdırırlar. Yol polisinin cihazı varsa və yoxlayıb görürsə ki, burada kustar üsulla quraşdırılma yoxdur, bu zaman sürücünün cərimə olunmasından söhbət getməməlidir”, – deyə E.Muradlı əlavə edib.

Onun sözlərinə görə, bəzi yol polisləri düşünür ki, bütün led işıqlar əlavə avadanlıqdır:

“Sürücülərə xəbərdarlıq olunmalıdır ki, led işıqları düzgün quraşdırsınlar. İşıq lampası əlavə avadanlıq ola bilməz. İşıq lampası onsuz da avtomobilin üzərində olmalıdır. Amma həmin led işığın istehsalçı zavodun nəzərdə tutduğu gücə uyğunluğu yoxlanılmalıdır. Bunu da müəyyənləşdirmək çətindir. Yol polisinin əlində elə bir avadanlıq yoxdur ki, led işıqların düzgün səpələndiyini müəyyən etsin”.

E.Muradlı qanunvericilikdə olan boşluqlara və AİK-in qaydalarına diqqət çəkərək müqayisə aparıb:

“Qanunvericiliyimizdə led işıqlarla bağlı istinad olunası bir məqam yoxdur. Avropa İqtisadi Komissiyasının qərarlarında isə pərdə, plyonka, led işıqlarla bağlı məsələlər öz əksini tapıb. Nə zaman həmin Komissiyanın qaydalarını Azərbaycanda tətbiq edəcəklər, onda sürücülərlə yol polisi arasında olan problemlər aradan qalxacaq. Məsələn, həmin qərarda led işıqların düşmə bucağı, səpələnməsi – bütün detallar aydın şəkildə yazılıb”.

Ekspert Nazirlər Kabinetinin həmin qaydaları tərcümə edib, tətbiqi ilə bağlı qərar verməli olduğunu düşünür:

“Həmin qərar düzgün tərcümə olunub, milli standarta uyğunlaşdırılıb tətbiq edilməlidir. Eyni zamanda “Yol hərəkəti haqqında” qanuna bu məsələlər əlavə edilməlidir”.

Son xəbərlər
Digər xəbərlər