-3 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanda lombardlardan asılılıq azalacaq

Azərbaycan Mərkəzi Bankının (AMB) təsdiq etdiyi “Ödəniş təşkilatları və elektron pul təşkilatları tərəfindən fəaliyyətin təşkili və həyata keçirilməsi Qaydası”na əsasən ölkədə fəaliyyət göstərən bu təşkilatlar üçün kreditləşmə üzrə limitlər, kapital üzrə minimum tələb və digər tələblər müəyyən edilib.

“Azərbaycan Banklar Assosiasiyası” (ABA) İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə ekspert qrupunun rəhbəri Tamerlan Rüstəmov bildirib ki, təşkilatlara minimum tələbin müəyyən edilməsi Avropa Direktivi (PSD2) çərçivəsinə uyğun olaraq edilib.

“Bu tələblər müəyyən ediləndə mövcud vəziyyət qiymətləndirilir və əvvəlcədən ekosistem iştirakçıları ilə koordinasiya edilərək dəfələrlə müzakirə edilib. Göstəricilər və təyin edilən məbləğ tələbləri lisenziya alacaq ödəniş təşkilatı və elektron pul təşkilatlarının təhlükəsiz və effektiv fəaliyyətinin təmin edilməsi, ödəniş xidməti istifadəçilərinin hüquqlarının qorunması baxımından mühüm əhəmiyyət kəsb edir. Ekosistemdə dayanıqlıq və rəqabətə davamlı ödəniş təşkilatları və elektron pul təşkilatları fəaliyyət göstərəcək. Eyni zamanda, innovativ həll və texnologiyaların tətbiqi genişlənəcək, maliyyə inkluzivliyini genişlənməsində müsbət rol oynayacaq”, – T.Rüstəmov qeyd edib.

O, rəqəmsal platformaların fəaliyyətinin daha da aktivləşəcəyini gözləyir:

“Qaydanın bu xüsusiyyəti [kapital tələbi] ekosistem iştirakçıları arasında rəqabətin daha da artmasına və ödəniş xidməti istifadəçiləri olan istehlakçıların ehtiyaclarını qarşılayacaq innovativ həll və texnologiyaların tətbiqinə imkan verəcək. Eyni zamanda, bu qayda açıq bankçılıq texnologiyasının tətbiqi əsasında ödəniş əməliyyatlarının aparılması üçün vasitəçilik xidməti və hesab üzrə məlumat xidmətlərinin göstərilməsini, rəqəmsal platformaların fəaliyyətinin daha da aktivləşməsini təmin edəcək”.

ABA-nın rəsmisi hesab edir ki, qaydanın digər mühüm bir xüsusiyyəti isə maliyyə inklüzivliyinin inkişafına göstərəcəyi müsbət təsirdir: “Belə ki, ödəniş agentləri şəbəkəsinin daha ucqar regionlarda formalaşdırılması, məsafədən göstərilən ödəniş xidmətlərinə üstünlük verilməsi maliyyə xidmətlərini əhali üçün daha əlçatan edəcək”.

İqtisadçı ekspert Rəşad Həsənov hesab edir ki, bu qərar lombard bazarında olan yüksək faizlərin qismən aşağı düşməsinə, insanların lombardlardan asılılığının qismən azalmasına gətirib çıxaracaq:

“Qismən deməyimin səbəbi məbləğin hələlik 50 manatla məhdudlaşdırılmasıdır. Hesab edirəm bu, pilot xarakterli ola bilər. Gələcəkdə bu məbləğ artırıla bilər. Amma bugünkü şərtləri və müvafiq təşkilatların imkanlarını da nəzərə alsaq bu məbləğ də qaneedicidir. Azərbaycanda maliyyə sıxıntıları olan insanlar üçün bu kimi layihələrin reallaşdırılmasına, eyni zamanda biznes planların nəticələrinin də gələcəkdə analiz edilməsinə və dövlət tərəfindən müvafiq istiqamətdə əhalinin rifahının gücləndirilməsi proqramlarının hazırlanmasına ehtiyac var”.

Ekspert bildirib ki, əsas məsələ maliyyə bazarları oyunçularının fəaliyyətinin əhatə dairəsinin genişləndirilməsidir:

“Qərarın məqsədi bazarda müəyyən qədər daha rəqabətli mühitin yaradılmasıdır. Çünki əsas məqsəd məhz ödəniş təşkilatlarının. elektron pul köçürmə xidməti göstərən təşkilatların kredit vermə səlahiyyətinin yaradılması idi”.

Qərara əsasən, ödəniş hesabı üzrə pul vəsaitinin nağd formada mədaxili və məxarici əməliyyatlarının aparılması (1), kredit köçürməsi, birbaşa debitləşmə, ödəniş kartı və yaxud digər oxşar ödəniş alətləri ilə ödəniş əməliyyatlarının icrası (2), ödəniş alətlərinin emissiyası və ödəniş əməliyyatının ekvayrinqi (3) xidmətlərini birlikdə və yaxud onlardan hər hansı birini ayrılıqda göstərən ödəniş təşkilatının nizamnamə kapitalına tələb 500 min manat, pul köçürməsi və ödəniş əməliyyatlarının aparılması üçün vasitəçilik xidməti göstərən ödəniş təşkilatının nizamnamə kapitalına tələb 100 min manat, elektron pul təşkilatının nizamnamə kapitalına tələb isə 750 min manat müəyyən olunub.

Hesab üzrə məlumat xidməti göstərən ödəniş təşkilatı üçün isə kapital tələbi qoyulmayıb. Bu təşkilat hər 100 minə qədər ödəniş xidməti istifadəçisinə görə özünə aidiyyəti şəxs olmayan və eyni maliyyə qrupuna aid olmayan sığortaçıda 50 min manatdan az olmayan məbləğdə mülki məsuliyyətini sığortalamalı və yaxud özünə aidiyyəti şəxs olmayan və eyni maliyyə qrupuna aid olmayan kredit təşkilatından və yaxud sığortaçıdan 50 min manatdan az olmayan məbləğdə zəmanət almalıdır.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər