9 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanda məhkəmə qərarlarının icrası ilə bağlı işlərin sayı 300 minə çatıb

Son illər məhkəmə qərarlarının icrası ilə bağlı daxil olan işlərin sayının artım tendensiyası ötən ildə də davam edib. İcra işlərinin sayı 36 faiz artaraq 300 minə yaxın olub ki, onun da 70%-nin icrası təmin edilib, qalanlarının isə icrası üzrə tədbirlər davam etdirilir.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, bu barədə ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə 2014-cü ilin yekunlarına həsr olunmuş nazirliyin geniş kollegiya iclasında məruzə edilib.

İclasda qeyd edilib ki, bu sahədə xüsusi rolu olan nazirliyin İstintaq idarəsində ədalət mühakiməsi əleyhinə, o cümlədən məhkəmə qərarlarının icra olunmaması ilə bağlı 503 cinayət işinin istintaqı tamamlanıb, bu zaman fiziki və hüquqi şəxslərə vurulmuş ziyanın 44 faizi istintaqın gedişində ödətdirilib.

Həmçinin bildirilib ki, məhkəmə ekspertizası sahəsində nazirliyə 41 ekspert ixtisası üzrə 25 mindən çox iş daxil olub, ekspertlər 330 minə yaxın suala cavab verməklə qaldırılmış məsələlərin 99,6%-ni həll ediblər.

Beynəlxalq öhdəliklərdən irəli gələn hüquqi yardım, məhkumların cəza çəkmək üçün verilməsi, ekstradisiya məsələləri ilə bağlı 14 mindən çox sorğunun icrası üzrə tədbirlər görülüb.

Kollegiyada dövlət başçısının elektron məhkəmə sisteminin tətbiqi ilə bağlı tapşırıqlarının icrasına toxunulub, bu mürəkkəb və çoxmərhələli prosesin həyata keçirilməsi məqsədi ilə 2014-2018-ci illəri əhatə edən Tədbirlər Planının müəyyən olunaraq icrasına başlanıldığı, artıq 15 məhkəmədə elektron məhkəmə sisteminin müxtəlif komponentlərinin sınaq rejimində tətbiq edildiyi, hakim və məhkəmə aparatı işçilərinin müvafiq təlimlərə cəlb olunduğu vurğulanıb.

Bundan əlavə, qeyd olunub ki, məhkəmə infrastrukturunun müasirləşdirilməsi üzrə tədbirlər davam etdirilərək, bu məqsədlə dövlət büdcəsi hesabına, habelə Dünya Bankı ilə birgə icra olunan “Ədliyyə sisteminin müasirləşdirilməsi” layihəsi çərçivəsində Bakı şəhəri Binəqədi, eləcə də İmişli, Qəbələ və Zaqatala rayon məhkəmələri üçün yeni binaların intensiv tikintisi aparılır. Ötən il Quba rayon məhkəməsinin yeni inzibati binası istifadəyə verilib, Şəki və Sabunçu məhkəmə komplekslərinin inşa işləri isə başa çatmaq üzrədir. Dünya Bankı ilə uğurlu əməkdaşlığın davamı olaraq “Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu” adlı yeni irihəcmli layihə imzalanaraq onun icrasına başlanılıb.

Trend

Son xəbərlər
Digər xəbərlər