Ədliyyə Nazirliyi həmişə rəqəmsallaşma sahəsində yeni tendensiyaların, yeni informasiya sistemlərinin tətbiqinə çalışır.
Bunu Ədliyyə Nazirliyinin əməkdaşı İsmət Qurbanov Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Biznesin müflisləşməsi” işçi qrupunun iclasında deyib.
“İlkin olaraq elektron məhkəmə sistemində olan hüquqi şəxslərin və fərdi sahibkarların müflis olması ilə bağlı məlumatların dövlət satınalmaları vahid internet portalı vasitəsi ilə əldə edilməsi imkanın yaradılması üzrə işlərə başlamışıq”, – İ. Qurbanov bildirib.
Onun sözlərinə görə, biznesin müflisləşməsi üzrə təkmilləşmələrə dair Yol Xəritəsinin hazırlanması çərçivəsində servislər yazılaraq müvafiq qurumlara ötürülüb və yaxın günlərdə onların inteqrasiyası tam təmin ediləcək: “Hazırda gün ərzində bizə 100-lərlə müraciət daxil olur. Ədliyyə Nazirliyinin bu baxımdan işlərinin azaldılması üçün təcili addımlar atmağa başlamışıq.
Növbəti addım, müflisləşməkdə olan hüquqi şəxslərin nümayəndələrinin (vəkil) məlumatları elektron şəkildə əldə edilməsi üçün Elektron məhkəmə və elektron vəkil sisteminə inteqrasiya olacaq. Bununla bağlı da, elektron vəkil xidməti yaradılıb. Artıq müəyyən inteqrasiya işlərinə başlanılıb”.
İ. Qurbanov əlavə edib ki, müflisləşmə sahəsində mübahisələrə dair hesabat formalarının vahid məhkəmə informasiya sistemində yenilənərək yerləşdirilməsi nəzərdə tutulur.
Kreditorlar üçün isə Elektron qaydada səsvermə imkanın yaradılması məqsədi ilə elektron platforma təşkil ediləcək və bununla bağlı Rəqəmsal inkişaf və Nəqliyyat Nazirliyi ilə işlər aparılır, Ədliyyə Nazirliyinin əməkdaşı qeyd edib.