17 C
Baku
Friday, October 18, 2024

Azərbaycanda məhsulların dəqiq uçotunun aparılması üçün GTİN sisteminin tətbiqinə başlanılıb

Azərbaycan ərazisində fəaliyyət göstərən bütün vergi ödəyicilərinin mal dövriyyəsi üzrə virtual elektron anbarın yaradılmasına şərait yaradacaq “Global Trade Item Number” (GTİN) Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən Gömrük Rəsmiləşdirilməsi Platformasına əlavə olunub.

Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, GTİN gömrük bəyannaməsi tərtib olunarkən, həmçinin elektron invoysun doldurulması sistemində nəzərdə tutulmuş xanada qeyd edilə bilər.

“Elektron qaimə-fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 2.3.10-cu yarımbəndinə əsasən qaimə fakturanın bütün növlərinə vergi ödəyiciləri tərəfindən könüllü olaraq istehsal və ya idxal olunmuş malların GTİN-lərinin qeyd edilməsi üçün sütun əlavə edilib.

GTİN-in tətbiqi biznes prosesinin daha şəffaf, sürətli və asan şəkildə reallaşdırılması baxımından ilk növbədə sahibkarlar üçün faydalı olacaq.

GTİN-in ölkə ərazisində tətbiq edilməsi saxta məhsulların idxalının və istehsalının qarşısının alınmasına şərait yaradacaq ki, bu da həm sahibkarların, həm də istehlakçıların hüquqlarının qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Eyni zamanda idxalçı, istehsalçı, topdan və pərakəndə satıcılar tərəfindən uçotun rahat və dəqiq qurulmasına, vergi yoxlamaları zamanı vergi ödəyiciləri tərəfindən təqdim edilən elektron qaimə-fakturalar üzrə maliyyə itkilərinin minimuma endirilməsinə imkan yaradacaq.

GTİN-in tətbiqi həm də gömrük inzibatçılığı sahəsində şəffaflığın tam təmin olunması deməkdir.

Hazırda gömrük rəsmiləşdirilməsi zamanı mübahisələndirilən sahələrdən biri gömrük dəyərinin düzgün müəyyən edilməsidir. GTİN-in tətbiqi məhsulların idxalatçıdan istehsalçıya qədər izlənməsinə şərait yaradır ki, nəticədə mallar barədə dəqiq məlumatlar əldə edildiyinə görə gömrük orqanları tərəfindən gömrük dəyərinin müəyyənləşdirilməsinə öz töhfəsini verəcək.

GTİN vergi inzibatçılığı baxımından da bir sıra üstünlüklər yaradır. İdxal və ölkə ərazisində istehsal olunan mallara GTİN-in tətbiqi məhsulların dəqiq uçotunun aparılması, vergidən yayınma hallarının minimuma endirilməsi deməkdir. GTİN hesabına idxal, ixrac, pərakəndə və topdan ticarət sahəsində fəaliyyət göstərən vergi ödəyicilərinin təklif və əldə etdikləri malların təqib və izlənilməsi həyata keçiriləcək ki, bu da ölkə ərazisində fəaliyyət göstərən bütün vergi ödəyicilərinin mal dövriyyəsi üzrə virtual elektron anbarın yaradılmasına şərait yaradacaq.

GTİN-in tətbiqi hesabına xarici ticarət əməliyyatları, gömrük rəsmiləşdirilməsi sürətli və şəffaf qaydada həyata keçiriləcək, vergi inzibatçılığı daha asan və daha dolğun şəkildə qurulacaq.

Qeyd edək ki, GTİN ticarət-təchizat zəncirinin davamlılığının təmin olunması, ticarət əməliyyatlarının asan və sürətli şəkildə həyata keçirilməsi məqsədilə tətbiq olunan, fərqli xüsusiyyətlərə malik malların unikal kodlaşdırılmasını təmin edən Əmtəənin Qlobal İdentifikasiya Nömrəsidir. Üzərində ştrix kodları və rəqəmləri əks etdirən hər bir məhsul vahidini eyniləşdirən və növündən asılı olaraq dəyişən unikal məhsul nömrəsi – GTİN Qlobal Standart 1 tərəfindən yaradılıb.

GTİN məhsulun təqibi, sifariş prosesi, inventar, logistika və təchizat zəncirinin idarəolunmasında istifadə edilir.

Məhsullarla bağlı doğru məlumat əldə edilməsinə, eyniləşdirilməsinə imkan yaratdığından GTİN istehlakçı məmnuniyyəti baxımından mühüm önəm daşıyır.

Həmçinin GTİN e-ticarət platformalarında məhsulların tanınması, məlumatların daha çox müştəriyə çatması və satışın artması baxımından da əlavə imkanlar yaradır.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər