Azərbaycanda gələn il dövlət büdcəsindən məqsədli büdcə fondlarına 348.9 milyon manat ayrılması nəzərdə tutulub.
Bu barədə “2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsində bildirilir.
Sənədə əsasən, bu, 2022-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 47.3 % azdır.
Gələn il “Avtomobil Yolları” Məqsədli Büdcə Fonduna 330 milyon manat, ətraf mühitin mühafizəsi dövlət fonduna 3.6 milyon manat, meşələrin qorunub saxlanması və təkrar istehsalı fonduna 12.4 milyon manat, mineral xammal bazasının bərpası dövlət fonduna 0.9 milyon manat, su bioresurslarının artırılması, bərpası və mühafizəsi fonduna 0.3 milyon manat, xüsusi mühafizə olunan təbiət ərazilərinin idarə edilməsi və mühafizəsi üçün yaradılan müvafiq idarələrin xüsusi fondlarına isə 1.7 milyon manat ayrılacaq.
2023-cü ildə Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin 30 milyard 720.7 milyon manat, xərclərinin isə 33 milyard 300 milyon manat olacağı gözlənilir. Bunlar, 2022-ci ilin təsdiq olunmuş proqnozlarına nisbətən müvafiq olaraq 5.2 % və 3.1 % çoxdur. Son nəticədə büdcədə 2 milyard 579.3 milyon manat kəsir yaranmalıdır. Bu isə illik müqayisədə 16.95% azdır.