Mərmərin və qranitin emalı sahəsində fəaliyyət göstərən “Dəvəli” ASC 2024-cü ili 874,4 min manat xalis mənfəətlə başa vurub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,6 dəfə və ya 162% çoxdur.
Banker.az xəbər verir ki, 2023-cü ildə xalis mənfəət 335,7 min manat idi.
Şirkətin mənfəət artımı əsasən əməliyyat gəlirlərinin əhəmiyyətli dərəcədə yüksəlməsi ilə bağlıdır. Belə ki, “Dəvəli”nin əməliyyat gəlirləri 2023-cü ildəki 6,6 milyon manatdan 2024-cü ildə 10,7 milyon manata yüksəlib, yəni təxminən 61% artım qeydə alınıb. Bununla yanaşı, dövri xərclər də 6,2 milyon manatdan 9,6 milyon manata yüksəlib. Xərclərin artım tempi gəlirlərin artım tempindən aşağı olduğu üçün ümumi mənfəət artımı təmin edilib.
Maliyyə nəticələrinə əsasən, 2024-cü ildə şirkətin vergi öncəsi mənfəəti 1,09 milyon manat, mənfəət vergisi xərci isə 218,9 min manat olub.
Hesabat dövründə “Dəvəli” ASC-nin cəmi aktivləri 10,09 milyon manat səviyyəsində qalıb ki, bu da ötən ilin göstəricisinə (10,81 milyon manat) nisbətən 6,7% azalmadır. Aktivlərin azalması əsasən ehtiyatların 10,07 milyon manatdan 5,67 milyon manata düşməsi ilə əlaqədardır.
Bununla yanaşı, cəmi öhdəliklər 8,45 milyon manatdan 7,39 milyon manata enərək 12,5% azalıb. Kapital isə 2,36 milyon manatdan 2,7 milyon manata yüksəlib, yəni 14,3% artım göstərib.


                                    




