15 C
Baku
Tuesday, April 30, 2024

Azərbaycanda məşhur şirkətlər ard-arda külli miqdarda cərimələnir

İqtisadiyyat və Sənaye Nazirliyi avtomobil dilerlərini, ölkə üzrə şəbəkə qurmuş firmaları niyə hədəfə götürüb?

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti “Prokter & Gembl Azərbaycan Servisləri” MMC şirkətini 2 milyon 163 min manat cərimələyib. Bu haqda nazirliyin saytında məlumat yer alıb.

Məlumatda bildirilir ki, reklam bazarında aparılmış araşdırmalar zamanı “Oral-B Pro-flex” diş fırçasının, “Duracell” batareyasının, “Ariel” yuyucu tozunun və “Blend-a-med Pro-expert” diş məcununun reklamlarında istehlakçıların çaşdırılmasına səbəb olan haqsız və qeyri-dəqiq reklam əlamətləri aşkar edilib. Bununla əlaqədar həmin reklamların sifarişçisi olan “Prokter & Gembl Azərbaycan Servisləri” MMC barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

Adıçəkilən MMC Azərbaycan bazarında gündəlik gigiyena vasitələri, ərzaq və qeyri-ərzaq malları sahəsində inhisarçı olan “ENGİN Limited” şirkətinin tərəfdaşıdır. Ötən il İqtisadi İnkişaf Nazirliyi eyni ittihamlarla “ENGİN LTD” MMC-ni də 1,8 milyon manat cərimələmişdi. Bu, “ENGİN LTD” MMC-nin nazirliklə ilk münaqişəsi deyil. 2010-cu ilin aprelində Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti şirkətin anbarlarında 12 ton vaxtı keçmiş ərzaq, 43 min keyfiyyətsiz qeyri-ərzaq malları aşkarlayıb.

Bu distribütor şirkətinin bazarı inhisarlaşdırmasının miqyasını müəyyən etmək üçün onun tərəfdaşı olan məşhur şirkətlərə nəzər salaq. Onların sırasında “The Procter&Gamble Company”, “Gillette”, “Walkers”, “Lorenz Snack-World”, “Wella”, “Ferrero”, “Uni” və başqaları var. Lisenziyalı mallar bazarının yarıdan çoxu bunların payına düşür. MMC-nin təsisçisi Anar Akif oğlu İbrahimov, nizamnamə kapitalı 463 min dollardır. Çeşiddən görünür ki, şirkət ölkənin bütün ticarət məntəqələri ilə işləyir. Amma o, ictimaiyyət üçün qapalıdır. Şirkət iri vergiödəyicisi deyil, bu da “yuxarıdan” dəstək olduğunu göstərir. Şirkətin İqtisadi İnkişaf və Sənaye Nazirliyi ilə münaqişəsinin səbəbi aydın deyil.

Başqa hansı şirkətlər cərimələnib?

Qeyd edək ki, nazirlik son 2 ayda artıq üç böyük şirkəti reklam qaydalarını pozduğuna görə cərimələyib. Belə ki, noyabrın 1-də adıçəkilən Dövlət Xidməti “Porsche” markalı avtomobillərin reklamlarında istehlakçıların çaşdırılmasına səbəb olan qeyri-dəqiqlik əlamətləri aşkar edilməsinə dair məlumat yaymışdı. Məlumatda deyilirdi ki, reklamlarda avtomobillərin digər avtomobil markalarından üstünlüyü fikrini yaradan “Porsche – ormanların padşahı” və “Porsche – komfort etalonu” məzmunlu ifadələrdən istifadə edildiyi müəyyən olunub. Bununla əlaqədar bu reklamların sifarişçisi və həmin avtomobillərin satışını həyata keçirən “Əfəndilər” MMC barəsində antiinhisar qanunvericiliyin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

Ötən ay isə “Audi” markalı avtomobillərin reklamlarında istehlakçıların çaşdırılmasına səbəb olan qeyri-dəqiqlik əlamətləri müəyyən edilib. Belə ki, reklamlarda “Audi” markasının digər avtomobil markalarından üstünlüyü fikrini yaradan “Audi hər zaman öndə”, “Audi Q7 liderlik üçün yaradılıb”, “Audi Q3 seqmentinin yeni etalonu” məzmunlu ifadələrdən istifadə edildiyi aşkarlanıb. Bununla əlaqədar “Audi” avtomobillərinin satışını həyata keçirən “Europen Cars” MMC barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

Nazirlik “Volksfagen” avtomobillərinin Bakıdakı rəsmi dileri ilə bağlı da eyni səbəbləri əsas gətirərək iş qaldırmışdı.

Oktyabr ayında “Fresko” marketlər şəbəkəsinin reklamında da qeyri-dəqiqlik əlamətləri müəyyən edilib. “Fresko” market-ən yaxşısı sizin üçün” məzmunlu ifadədən istifadə edilən şəbəkəyə xəbərdarlıq edib.

Qanun nə deyir?

Xüsusi qeyd: Reklamlarda haqsız və qeyri-dəqiqlik əlamətləri nə deməkdir?
“Reklam haqqında” Qanunun 7 və 8-ci maddələrində göstərilir:

Maddə 7. Haqsız reklam

Aşağıdakı hallarda reklam haqsız sayılır:

– reklam olunan əmtəədən istifadə etməyən hüquqi və fiziki şəxsləri gözdən saldıqda;
– mahiyyətcə reklam olunan əmtəə ilə digər hüquqi və fiziki şəxslərin əmtəələri arasında qeyri-etik müqayisə apardıqda, həmçinin rəqibin şərəf və ləyaqətini, yaxud işgüzar nüfuzunu təhqir edən obraz və məna daşıdıqda və sair;

Maddə 8. Qeyri-dəqiq reklam

– əmtəənin tərkibi, hazırlanma üsulu və tarixi, təyinatı, istehlak xassələri, istifadə şərtləri, sertifikat və dövlət standartlarına uyğunluq nişanlarının mövcudluğu, kəmiyyəti və istehsal olunduğu yer;
– statistik məlumatlar;
– başqa əmtəə (əmtəələr) ilə, həmçinin digər fiziki və hüquqi şəxslərin mövqe və hüquqları ilə müqayisə;
– sənədli şəkildə təsdiqlənmədiyi halda “ən”, “yalnız”, “təkcə” və bu kimi digər terminlərdən istifadə edildikdə və s.

Sevgim Rəhmanov: “Onlar reklam çarxlarını Azərbaycan qanunlarına uyğunlaşdırmağa məcburdurlar”

“Tacirlər və Sənayeçilər” İctimai Birliyinin sədri Sevgim Rəhmanov açıqlamasında bildirdi ki, “Reklam haqqında” Qanunun tələbləri çox köhnəlib və onun yenidən işlənməsinə ehtiyac var: “İki il bundan öncə bununla bağlı qanun layihəsi işləyərək hökumətə təqdim etmişik, yaxın zamanlarda təsdiq olunmalıdır. Mövcud qanunvericiliyin tələbləri bugünkü günə uyğun deyil. Bu şirkətlər məhsulları haqqında reklam hazırlayarkən müasir beynəlxalq tələblərə uyğunlaşdırırlar”. Təşkilat sədrinə görə, həmin məhsulların reklamlarının bəziləri Azərbaycanda deyil, xarici ölkələrdə onların qaydalarına uyğun çəkilib. S.Rəhmanov deyir ki, belə olan halda beynəlxalq standartlarda onların əksəriyyəti qəbul edilir. Onun sözlərinə görə, indiki vəziyyətdə sahibkarlar ciddi ziyan çəkir. Nazirlik yanında müvafiq qurumun monitorinqləri şirkətlərin fəaliyyətində problemlər yaratsa da, məcburdur: “Reydlər qanun əsasında aparılır, bu qaydalar nə qədər köhnə olsa da belə. Burada məsuliyyət artıq şirkətlərin üzərinə düşür. Onlar reklam çarxlarını Azərbaycan qanunlarına uyğunlaşdırmağa məcburdurlar. Ya bilərəkdən, ya da bilməyərəkdən bunu edirlərsə, əlbəttə ki, cərimələnəcəklər”.

İqtisadçı ekspertlər problemi nə ilə izah edir?

Sabiq millət vəkili, iqtisadçı-ekspert Nazim Məmmədov isə Facebook hesabında məşhur xarici şirkətin cərimələnməsinə belə münasibət bildirib: “Monopoliya yaradıb Azərbaycan dövlətinə meydan oxuyan “Baku Steel Company”yə gücü çatmayan İqtisadiyyat və Sənaye Nazirliyi, arxasında oliqarx-məmur olmayan dünya şöhrətli şirkətlərin nümayəndəliklərinə astronomik cərimələr yaza bilir”.

Digər iqtisadçı Nemət Əliyev də düşünür ki, mövcud tələblər sahibkarlığın sıxışdırılmasına yönəldilib: “Bundan yalnız Azərbaycan xalqı və iqtisadiyyatı itirir. Bu gün büdcənin gəlirlərinin, xüsusilə dövlət təşkilatlarında çalışanların, təqaudçülərin maaş və pensiyalarının formalaşmasında məhz hüquqi və fiziki şəxslərin ödədiyi vergilər önəm təşkil edir. Hazırda sahibkarların fəaliyyətini yoxlayan dövlət qurumlarının sayı kifayət qədər çoxdur və bu da onların işində gərginlik yaradır. Fikrimcə, burada bir düzənin yaradılmasına, sahibkarların qarşısında olan əngəllərin aradan götürülməsinə ehtiyac var. Qanunvericiliyə istinad edərək, mütəmadi olaraq monitorinqlər aparırlar. Amma monitorinqlərin intensiv aparılması anormallıqdır. Hökumət ümumi iqtisadi sistemi elə qurmalıdır ki, tez-tez yoxlamalar aparmağa ehtiyac qalmasın”.

Bizimyol

Son xəbərlər
 ⁠
Digər xəbərlər