14 C
Baku
Friday, May 17, 2024

Azərbaycanda mal-qara üçün “Genetik Mərkəz”in yaradılması təklif edilib

Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun “Genetik Mərkəz” kimi fəaliyyət göstərməsi və “Gen Bankı”nın yaradılması çox əhəmiyyətli olardı.

Bunu İnstitutun direktoru Mahir Hacıyev deyib.

M. Hacıyev vurğulayıb ki, ölkədə mövcud olan heyvan cinslərinə “Genetik pasport”ları verilə bilər.

Onun sözlərinə görə, hazırda ölkəmizin müxtəlif bölgələrində yüksək potensiala malik heyvan cinsləri yetişdirilir və onlardan tam səmərəli istifadə etmək, genetik potensialını üzə çıxarmaq üçün sistemli iş aparılmalıdır: “Hazırda Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu tərəfindən respublikada fəaliyyət göstərən iribuynuzlu damazlıq təsərrüfatlarında yetişdirilən heyvanlara şəhadətnamələr verilir”.

M.Hacıyev deyib ki, mövcud heyvan genofondunun qorunub saxlanması, yeni mələz və hibridlərin alınması, yeni cinslərin yaradılması, heyvandarlıqda yeni innovativ texnologiyaların tətbiqi yalnız elmi əsaslarla həyata keçirilməlidir: “İnstitut bu sahədə xeyli işlər görür. Xaricdən gətirilmiş və İnstitutun Yardımçı Təcrübə Təsərrüfatında yetişdirilən “İl de Frans”, “Suffolk”, “Lakon”, “Merino Landşaf” və “Hisar” qoyun cinsləri ilə “Qala”, “Qaradolaq”, “Bozax”, “Pirasora” qoyun cinslərinin çarpazlaşdırılmasından (Lakon X Bozax, Bozax x Hissar, Lakun x Qaradolaq) eləcə də, “Saanin”, “Alpin”, “Hələb” keçi cinslərindən və Azərbaycan yerli keçisindən istifadə edərək (Saanin x Alpin, Hələb x Azərbaycan) F1mələzlər əldə edilib. İribuynuzlu heyvandarlıqda da mələzləşmə işi həyata keçirilir. “Holşteyn-Friz”, “Simmental”, “Aberdin-Anqus”, “Şvis” cinslərindən istifadə edərək “Şvis x Holşteyn-Friz”, “Şvis x Aberdin-Anqus”, “Holşteyn-Friz x Şvis F1″mələzləri yaradılıb. Alınan mələzlərin məhsuldarlıq göstəriciləri və adaptasiya xüsusuyyətləri öyrənilir”.

İnstitut direktoru bildirib ki, heyvandarlıqda cins yaratma prosesi uzundur: “Bu proses qoyunçuluqda 5-7 il və maldarlıqda 9-10 ilə qədər müddəti əhatə edə bilər. Ona görə də, heyvandarlıqda biotexnoloji üsullardan (qoyunçuluqda süngərləmə, maldarlıqda süni mayalanma və rüşeyim köçürmədən) istifadə etməklə cins yaratmanı tezləşdirmək olar. İnstitutda bu istiqamətdə seleksiya proqramları hazırlanır və gələcəkdə onun əsasında işlər davam etdiriləcək. Həmin proqrama uyğun olaraq yeni yaradılacaq qaba yunlu qoyun cinslərində süd məhsuldarlığını 86-120 litrə (yerli qoyunlarda isə bu 30-45 litr arasındadır) qaldırmaq və 100 ana qoyundan 160 bala almaq (yeri qoyunlarda 100 ana qoyundan 90-110 bala almaq mümkündür) mümkün olacaq”.

KTN rəsmisi sonda əlavə edib ki, Azərbaycanda yetişdirilən bütün kənd təsərrüfatı heyvanların inkişaf səviyyəsini daha da yaxşılaşdırmaq məqsədilə ölkədə məqsədyönümlü və planlaşdırılmış şəkildə ixtisaslaşma həyata keçirilib və keçirilməkdədir: “Ölkəmizdə heyvandarlıqda intensiv yetişdirmə üsulundan istifadə genişləndirilir, istiqamətli yetişdirmə artırılır, təsərrüfatların maddi-texniki bazası yaxşılaşdırılır. Belə ki, böyük sənaye mərkəzləri, paytaxt şəhərlər və əhalinin çox məskunlaşdığı iri şəhərlərdə, rayonlarda südlük, nisbətən uzaq rayonlarda südlük-ətlik və geniş otlaq sahələrinə malik daha ucqar rayonlarda isə ətlik istiqamətli maldarlıq inkişaf etdirilir. Əlbəttdə, burada heyvanların düzgün rayonlaşdırılmasını nəzərə almaq lazımdır. Rayonlaşdırmanın düzgün aparılması heyvanların tez bir zamanda yerli şəraitə adaptasiya olunmasına gətirib çıxarır. Bu da, daha çox məhsul əldə etməyə imkan yaradır”.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər