“50 min manat vəsaitin ölkədən çıxarılması ilə bağlı layihədə külli miqdarda, xeyli miqdarda anlayışları dəyişdirilməlidir”.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Vahid Əhmədov deyib.
Deputat bildirib ki, Azərbaycan iqtisadiyyatından qeyri-qanuni köçürmələr kifayət qədər yüksəkdir: “Azərbaycanda, o cümlədən MDB məkanında qeyri-qanuni köçürmələrin miqdarı artır. Bunlar necə köçürülür?! Köçürmə çox ciddi məsələdir. Dövlət Sərhəd Xidməti, Dövlət Gömrük Komitəsi bununla bağlı işlər görür, cinayət işləri aparır. Amma yenə də Azərbaycandan çıxarılan vəsaitlər artır. Azərbaycanda maliyyə amnistiyası tətbiq olunmalıdır. Qeyri-qanuni yolla vəsait çıxaranlar xaricdə evlər, maşınlar, xidmət sahələri alır ki, onun Azərbaycana heç bir xeyri yoxdur. Digər dövlətlərin çoxunda belə amnistiyalar qəbul edilib. İndiyə qədər Azərbaycanda gəlir deklarasiyası tətbiq edilmir. 10 ildir ki, bu sənəd qəbul edilmir. Bu iki sənəd qəbul olunsa, Azərbaycandan kütləvi pul köçürmələrin də qarşısı alınar”.
Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli isə deyib ki, iqtisadiyyatımız tam sağlamlaşmaya doğru gedir: “Bir çox ölkədə gəlir deklarasiyası var, amma orada korrupsiya çox yüksəkdir. İqtisadi sahədə olan cinayətlərin dekriminallaşdırılması daha yaxşı effekt verir. Gəlirlərlə bağlı deklarasiya hazırlanma mərhələsindədir. Qanunvericilik baxımından Vahid müəllim haqlıdır, amma yenə də deyirəm ki, digər üsullar bu cinayətlərdə daha çox effekt verir. Maliyyə amnistiyası tətbiq edilən ölkələrdə iqtisadiyyat tam kriminallaşır. Mən əminəm ki, 2018-ci ildən başlayan islahatların yeni mərhələsi daha çox effekt verəcək”.