2022-ci ildə Maliyyə Monitorinqi Xidmətinin (MMX) hüquq-mühafizə orqanlarına təqdim etdiyi işlərin sayında, həmçinin maliyyə araşdırması məlumatlarından istifadə edilən cinayət işlərinin sayında əhəmiyyətli artım olub.
Bu barədə MMX-nin məlumatında bildirilir.
Məlumata görə, ötən il MMX şübhəli hallara dair Baş Prokurorluğu 46, Dövlət Təhlükəsizliyi Xidmətinə 16, Daxili İşlər Nazirliyinə 2, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə 5, Dövlət Gömrük Komitəsinə isə 1 məlumat olmaqla, ümumilikdə hüquq-mühafizə orqanlarına 70 iş barədə məlumat təqdim edib. Bunun isə 20-si monitorinq subyektlərindən, 47-si hüquq mühafizə orqanlarından, 2-si xarici maliyyə monitorinqi orqanından daxil olmuş məlumatların araşdırılması, 1-i isə MMX-nın strateji araşdırması əsasında təqdim edilib. Həmçinin vergidənyayınma cinayəti şübhəsi üzrə Dövlət Vergi Xidmətinə 124 fiziki şəxs barədə spontan qaydada məlumat təqdim edilib.
Bundan başqa, ötən il hüquq mühafizə orqanlarından cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması ilə bağlı daxil olmuş 43, terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı daxil olmuş 7 sorğu aidiyyəti üzrə araşdırılaraq müvafiq qaydada qarşı tərəfə təqdim olunub.
İl ərzində MMX-nın təqdim etdiyi məlumatlar asasında hüquq mühafizə orqanları cinayət yolu ile əldə edilmiş əmlakın leqallaşdırılması faktı üzrə 8 cinayət işi başlayıb. Həmçinin, MMX-nın teqdim etdiyi məlumatlar digər predikativ cinayətlərlə bağlı başlanmış 21 cinayət işində (əvvəlki ilə nisbətən 2,1 dəfə çox) maliyyə təhlili məlumatları qismində istifadə edilib.
Hesabat ili ərzində, həmçinin, xarici maliyyə monitorinqi orqanlarından daxil olmuş 32 sorğu araşdırılıb və cavablandırılıb.
Xatırladaq ki, MMX ölkə prezidentinin 25 may 2018-ci il tarixli fərmanı ilə yaradılıb, dövlət başçısının 18 iyul 2018-ci il tarixli fərmanı ilə isə qurumun nizamnaməsi və strukturu təsdiq edilib. Onun nizamnamə kapitalı 10 min manatdır. Xidmətin əsas məqsədi cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin, əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısını almaq üçün qanunla müəyyənləşdirilmiş tələblərə riayət olunmasına nəzarət etmək, bu sahədə vahid tənzimləməni həyata keçirmək, monitorinq iştirakçılarının, nəzarət və digər dövlət orqanlarının fəaliyyətini əlaqələndirmək, şəffaflığı və səmərəliliyi təmin etməkdir.