Meşələrdə yabanı meyvələrin icazəsiz yığılmasına görə ziyanın və cərimənin tətbiqi əvvəllər də mövcud idi.
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin direktor müavini Ağaqardaş Qaraşov deyib:
“Nazirlər Kabinetinin 2004-cü il tarixli 145 nömrəli qərarına görə, cərimələr müəyyən edilmişdi. Sadəcə həmin qərara dəyişiklik olunub və cərimələrin məbləği artırılıb. Son 14 il ərzində cərimələrin məbləği çox aşağı olub”.
O bildirib ki, cərimələrə edilən dəyişiklik meşələrin qorunub mühafizə olunmasına və təqsirkar şəxslərin maddi məsuliyyətinin artırılmasına, meşə fonduna vurduqları faktiki ziyana uyğunlaşdırılmasına xidmət edir:
“Meşə ehtiyatlarının mühafizəsi sahəsində səmərəli mexanizmin tətbiq olunması, meşələrə olan müdaxilələrin qarşısının alınması üçün bu qərar mühüm əhəmiyyət kəsb edir. Qərara edilən yeni dəyişikliklərə əsasən meşə ərazilərində icazəsiz yığılan meşə sərvətlərinin hər kiloqramı üçün cərimə məbləği 3 dəfəyədək artırılıb. Məsələn, itburnu, şabalıd, fındıq və dərman bitkilərinin icazəsiz yığılması üçün əvvəl cərimə 80 qəpik idisə, indi 2 manatdır. Çaytikanı, qoz üçün tətbiq edilən cərimə əvvəl 1 manat 20 qəpik idisə, indi 3 manatdır. Ümumiyyətlə, meşə ehtiyatlarının bütün parametrləri üzrə cərimələr artırılıb. Belə ki, mal-qara otarılması, ot çalınması, ağacların və kolların zədələnməsi və s.”
15.26
Azərbaycanda meşələrdə bəzi meyvələrin yığılması qadağan edilir.
Oxu.Az xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Meşə təsərrüfatına dəymiş ziyana görə maddi məsuliyyətə cəlb edilmə qaydaları haqqında” dəyişikliklərdə əksini tapıb.
Qanunun əhatəsi qadağa olan yerlərə aiddir. Belə ki, meşədə yığılan hər bir kiloqram alma, armud, və zoğala görə bir manat məbləğində ödəniş tətbiq edilir.
Meşədən yığılması qadağan olunanlar siyahısına dərman bitkiləri də əlavə olub: itburnu, çaytikanı, fıstıq toxumu və s. Bu növ bitkilərin yığılmasına görə 3-5 manat civarında ödəniş nəzərdə tutulub.
Dəyişikliyə əsasən, tökülmüş yarpaqları, meşə döşənəyi və qarğı yığan şəxslər cəzalandırılacaq.
Yeni qanunvericilikdə o da qeyd olunub ki, icazə olmadan meyvə ağaclarının məhsulunu yığan şəxslər həmin məhsulu geri qaytarmalıdır. Bildirilir ki, əsassız əldə edilmiş məhsulu eynilə qaytarmaq mümkün olmadıqda, dəymiş zərərin məbləği hüquq pozuntusu baş vermiş tarixdə dövlət tərəfindən tənzimlənən qiymətlərlə, dövlət tərəfindən tənzimlənmədiyi hallarda isə sərbəst satış qiymətləri ilə hesablanır.