5 C
Baku
Saturday, December 14, 2024

Azərbaycanda milli sığortanın 30 ili (2-ci yazı)

Azərbaycan Respublikası Maliyyə nazirinin 19 noyabr 2004-cü il tarixli əmri ilə Maliyyə Nazirliyində “Sığorta Şurası” yaradıldı. Şuraya Nazirliyin altı nümayəndəsi və yeddi aparıcı sığorta təşkilatı daxil idi. Sığorta Şurasının yaradılmasında əsas məqsəd sığortanın inkişaf tempinin ölkə iqtisadiyyatının ümumi inkişaf dinamikasına uyğunlaşdırılmasından ibarət idi. 

“Azərbaycan Respublikasında Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası  Prezidentinin müvafiq Fərmanının icrasını təmin etmək məqsədilə 2009-cu ilin aprelində Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti yaradıldı. Xidmətin yaradılması sığorta sahəsində dövlət tənzimlənməsi və nəzarəti işinin yaxşılaşdırılmasına əlavə şərait yaratdı.

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti Təhsil Nazirliyinin Ümumtəhsil Məktəbləri idarəsi ilə müvafiq danışıqlar aparmış və idarə rəhbərliyindən “sığorta”nın bir fənn kimi tədris planına salınmasına razılıq əldə etmişdi. Təəssüf ki, bu razılaşmanı həyata keçirmək mümkün olmadı.

Ümumilikdə isə, sığortada idarəetmənin təkmilləşdirilməsi, hesabatlılığın qabaqcıl standartlarının tətbiq edilməsi, sığortaçıların maliyyə dayanıqlığının gücləndirilməsi istiqamətində işlər davam etdirilirdi. Eyni zamanda sığorta vasitəçiliyi sisteminin sahmana salınması, sığorta sektorunda dövlət tənzimlənməsi və nəzarəti işinin daha da yaxşılaşdırılması məqsədilə müəyyən addımlar atılırdı. 

Həyata keçirilən ardıcıl hüquqi-təşkilati tədbirlərin təsiri tezliklə hiss olundu. Belə ki, çox keçmədi, bir sıra təsadüfi, məqsədi-məramı bilinməyən sığorta şirkətləri bazarı tərk etməyə məcbur oldular. Nəzarət orqanının bu istiqamətdə sığortaçılara heç bir kompromisə getməməsi o sadə prinsipə əsaslanırdı ki, “sığortaçının zəruri kapitalı olmalıdır, sığortaçının mənəvi baxımdan iflasa uğramağa haqqı yoxdur, çünki on minlərlə sığortalı öz risklərini ona ötürmüş və onu etibarlı təminatçı kimi  qəbul etmişdilər. Müştərilərin qəlbindəki bu inamı öldürmək, əslində sığortanın sonunun bağlanğıcı demək olardı”. 

Azərbaycan Respublikasında maliyyə sektorunun dayanıqlılığını təmin etmək və bu sahədə nəzarət mexanizmlərini təkmilləşdirmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 03 fevral 2016-cı il tarixli Fərmanı ilə Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxs yaradıldı. Publik hüquqi şəxsin (Palatanın) yaradılması Azərbaycanda aparılan ümumi sosial-iqtisadi islahatların tərkib hissəsi idi. Bu dəyişiklik bir tərəfdən dövlətin yükünü azaltmalı, digər tərəfdən isə sığorta nəzarəti sahəsində və bütövlükdə ölkənin sığorta sistemində idarəetmənin səmərəliliyini artırmalı və onun optimallaşmasını təmin etməli idi. 

Maliyyə Bazarlarına Nəzarət Palatası o zaman təşkil etdiyi “Sığorta həftəsi” ilə daha çox yadda qaldı. Sığorta həftəsi ölkə Prezidentinin 2016-cı il 06 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Maliyyə Xidmətlərinin İnkişafına dair Strateji Yol Xəritəsi” və Nazirlər Kabinetinin 2019-cu il 21 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Sığorta sektorunun inkişaf etdirilməsi üçün görülməli işlərlə bağlı Tədbirlər Planı”nın icrası məqsədilə 24 iyun 2019-cu il tarixdən etibarən keçirilməyə başlanmışdı. Həftə çərçivəsində MBNP, İSB, ASA və sığortaçıların birgə əməkdaşlığı zəminində bir həftə ərzində ictimai savadlılığın artırılması məqsədilə müxtəlif səpkili maarifləndirici görüş və tədbirlər keçirilmişdi. Eyni zamanda sayca 9-cu olan “Azərbaycanda sığorta bazarı: trendlər və imkanlar” adlı Azərbaycan Beynəlxalq Sığorta Forumu sığorta həftəsinə xüsusi rəng qatmışdı.

Lakin yuxarıdakılara rəğmən, Palatanın menecmenti bütövlükdə sığorta sektorunda yığılıb qalmış çoxsaylı və təxirəsalınmaz vəzifələrin öhdəsindən layiqincə gələ bilmədi. Palata tərəfindən həyata keçirilən bu və ya digər tədbirlər əslində fraqmental və kampaniya xarakteri daşıyırdı. Halbuki onun az kəsim təşkil edən peşəkarları işlərin belə deyil, ardıcıl, sistemli və kompleks şəkildə aparılmalı olduğuna inanırdılar.     

Bütün bunların məntiqi nəticəsi isə o oldu ki, Azərbaycan Prezidentinin 29 noyabr 2019-cu il tarixli sərəncamı ilə Maliyyə Bazarlarına Nəzarət Palatası ləğv edildi. Sərəncama əsasən ləğv edilən Palatanın müəyyən edilmiş səlahiyyətləri, o cümlədən onun maliyyə xidmətləri bazarında lisenziyalaşdırma, tənzimləmə və nəzarət, investorların və maliyyə xidmətləri istehlakçılarının hüquqlarının qorunması sahəsində vəzifə və hüquqları, habelə əmlakı Azərbaycan Respublikasının Mərkəzi Bankına verildi. MBNP-nin ləğv edilərək səlahiyyətlərinin AMB-yə verilməsi ilə əlaqədar bu qurumda 16 yanvar 2020-ci il tarixdə struktur dəyişikliklər həyata keçirilmiş və dəyişikliklər çərçivəsində “Sığorta fəaliyyətinə nəzarət departamenti” yaradılmışdır.

Hörmətli oxucu! 

Ölkəmizin özəl sığortaçılıq tarixində nəzarətçi orqanın statusu bu vaxtadək nə az-nə çox, düz 5 dəfə dəyişdirilmişdi. Biz, mərhum Azər Məcidoviçdən (90-cı illərin əvvəllərində həmkarları onu məhz bu cür çağırırdılar, əsil adı isə Azər Məcid oğlu Cəfərov idi)  cənab Vüsal Qurbanovadək altı dəfə nəzarət orqanının rəhbərinin dəyişdirilməsinə şahidlik etmişik. Təbiidir ki, hər dəyişiklikdə əsas hədəf sığorta nəzarəti sisteminin iş keyfiyyətini artırmaqdan ibarət idi. İndi sığorta bazarında qarşılaşdığımız mövcud problemlər zaman-zaman öz müsbət həllini tapmaqdadır.  Sığorta nəzarəti orqanının hazırkı rəhbərliyinin fəal təşkilatçılığı və iştirakı ilə aparılan ardıcıl və sistemli dəyişikliklər, habelə sığorta bazarında hadisələrə və proseslərə peşəkar yanaşma ən yaxşı dünya təcrübəsinə və ənənələrinə əsaslanır. 

Bu yazının öncəki paraqraflarında qeyd edildiyi kimi, ölkəmizdə fərdi/özəl sığortaçılığın təşəkkül tapmasında və sonrakı inkişafında Azərsığortanın rolu danılmazdır. Çoxsaylı mütəxəssis komandasına malik olan şirkət 1992-ci ildən sonra yaranan gənc sığortaçılar üçün bir növ kadr bazası kimi çıxış edirdi. Milli sığortaçıların tam kamilləşməsi, onların dünya sığorta bazarına çıxışı, inkişaf etmiş ölkələrin qabaqcıl təcrübələrindən bəhrələnməsi, xarici “senyorlar”ı təlim keçmək üçün öz şirkətlərinə dəvət etmələri və necə deyərlər, “öz ayaqları üzərində dayanmaları” hələ bir qədər sonra baş verəcəkdi. Bazarda təzə-təzə öz kövrək addımlarını atan sığortaçılar üçün Azərsığorta hər şey demək idi: kadr bazası, sığortaçıların mühasibləri üçün sığorta hesabatlarını öyrədən mərkəz, müxtəlif sığorta məhsulları üzrə qaydaların nümunələri, məsləhət və tövsiyyələr məkanı, birbaşa müraciətlərə təmənnasız və dərhal cavablar və s. Belədirsə, gəlin Azərsığortanı daha yaxından tanıyaq.  

Azərbaycan Dövlət Sığorta Baş İdarəsi (qısa adı: Azərsığorta) 1921-ci ilin 21 oktyabrında yaradılmışdı. Bu, əslində 1921-ci ildə Moskvada SSRİ Maliyyə Xalq Komissarları nəzdində yaradılmış Dövlət Sığorta İdarəsinin (“QOSSTRAX”ın) bütün müttəfiq respublika paytaxtlarında yaratdığı yerli idarələrindən biri idi.   Azərsığortanın ölkəmizin bütün böyük şəhərlərində və rayon mərkəzlərində şöbələri vardı. Hazırda isə onun Bakıda və digər şəhər və rayonlarda onlarla şöbə, filial və nümayəndəlikləri – satış mərkəzləri təşkil edilmişdi.

1992-ci ildən Azərsığortaya rəhbərlik edən Akif Kərimov Türkiyə və digər ölkələrdə sığortaya dair yaxşı olan nə vardırsa, hamısını ölkə sığortaçılığına gətirməyə çalışırdı. O, sığorta islahatçısı kimi Azərsığortada bir sıra mütərəqqi dəyişiklikləri həyata keçirə bilmişdi. Onun təşəbbüsü ilə qurumun adına “kommersiya” sözünün əlavə edilməsi, büdcədən asılılığı azaltmaq üçün qismən təsərrüfat hesablı fəaliyyətə keçməklə onun əlavə gəlir əldə etməsinə, şirkətin maddi-texniki bazasının möhkəmləndirilməsinə və kadr potensialının gücləndirilməsinə şərait yaratmışdı. Bundan başqa, o, təkrarsığorta və sığorta daxılı anlayışılarını sığortaya gətirməklə  daha öncədən bazarda dartışılan “yenidən sığorta”, “sığorta hovuzu” və s. yanlış ifadələrin qanunvericiliyə yansımasına imkan verməmişdi.  Akif Kərimov sığortaçıların stolüstü vəsaiti kimi nəzərdə tutulmuş “Sığorta” kitabının (2000) müəllifi idi. Sonrakı illərdə ölkə sığortaçılarının ictimai birliyinə uzun illər rəhbərlik edən Akif müəllim yenilikçi, islahatçı, tərəqqipərvər rəhbər simasını qoruyub saxlaya bilmişdi. 

Hazırda Azərsığortada yüzlərlə əməkdaş çalışır və o, işçi sayına görə ölkənin ən böyük sığorta təşkilatlarından biridir. Çoxsaylı iş yerləri ilə şirkət eyni zamanda dövlətimizin sosial-iqtisadi, vergi siyasətinə də öz layiqli töhfəsini vermış olur. Azərsığorta ölkəmizdə tibbi sığortanın inkişafında xüsusi rol oynamışdır. “Şəfa” tibbi sığorta şirkəti 2000-ci ildə Azərsığortanın törəmə müəssisəsi kimi təsis edilmişdir. Hazırda onun tərkibində dövlət tibbi sığorta filialı kimi fəaliyyət göstərir.

Azərbaycan SSR Dövlət Sığorta İdarəsinin qanuni varisi olan Azərbaycan Dövlət Sığorta Kommersiya şirkəti 2011-ci ilin oktyabrında özünün 90 illik yubileyini təntənəli şəkildə qeyd etdi. Lakin həmin tədbirdə səslənən “sığortaçı gününün təyin olunması”, “sığortada fərqlənməyə görə medalının təsis edilməsi” kimi təkliflər elə kağız üzərindəcə qaldı. 

Biz indiyədək məhz sığorta fəaliyyətinə görə təltif olunmuş bir sığorta peşəkarını tanımırıq. Uzun illər Azərsığortada rəhbər vəzifədə çalışmış Aftandil Hacıyev  ABŞ-ın Alabama ştatından dəvət alaraq, Sığorta Akademiyasının qızıl medalı ilə təltif olunmalı idi. Bu iş, ABŞ-ın Sığorta Akademiyasının yeni müstəqillik qazanmış MDB ölkələrində sığorta işinin təşviqi və inkişafına dəstək çərçivəsində atılan addımlar sırasında baş tutmalı idi. Təəssüf ki, müəyyən brokratik əngəllər bu dəvəti həyata keçirməyə imkan vermədi. Şirkətin 100 illik yubileyinin isə qeyd olunub-olunmamasını yəqin ki, tək onun işçiləri bilir.

İlk özəl sığortaçılar 

Müstəqilliyimizin ilk illərində ölkəmizdə özəl sığorta şirkətlərinin də sayı sürətlə artmaqda idi. “Günay” sığorta (sentyabr,1992) və “MBASK” sığorta (dekabr,1992) sığorta fəaliyyətinə ilk lisenziya alan sığortaçılar olaraq, yeni sığortaçılıq tarixinə düşmüşlər. Köhnə “qvardiyadan” olan sığorta peşəkarları artıq bazarı çoxdan tərk etmiş Nicat Sığorta (1993), Nişan Sığorta (1993), Şərqə Qapı sığorta (1997-ci ildən Azərqarant Sığorta (1993), Era Trans Sığorta (1994), Birlik Sığorta (bir müddət sonra Qorqud Sığorta adlandırılmışdır -1995), Muğan Sığorta (1996), Alfa Sığorta (1997), Xəzər Sığorta (1999), Buta Sığorta (1999), Beynəlxalq Sığorta (2002), Standard Sığorta (2002) və onlarla başqalarını yaxşı xatırlayırlar. 

Sığorta şirkətlərinin arasında sağlam tərəfdaşlıq münasibətləri, sağlam rəqabət mühitinin olmaması təəssüf doğururdu. Sığortaçılar öz fəaliyyətlərini qarşılıqlı hörmət, səmimiyyət və sağlam tərəfdaşlıq prinsipləri üzərində qurmalı, onların arasında yüksək qarşılıqlı etimad mühiti yaradılmalı idi. Şirkətlərarası məlumat mübadiləsinin artırılması məqsədilə vahid platformanın yaradılması bu istiqamətdə atıılmış ilk addım olardı. Yeri gəlmişkən, hazırda bu funksiyanı İSB həyata keçirməlidir. Belə ki, onun məlum funksiyalarından biri də, İSB-nin iştirakçılarının qarşılıqlı səmərəli  fəaliyyətini təmin etməkdən ibarətdir. 

Müştərək sığorta şirkətləri və nümayəndəliklər

Mən burada diqqəti xarici kapitallı müştərək (birgə) sığorta şirkətlərinə yönəltmək istərdim.  Azərbaycan öz müstəqilliyini bərpa etdikdən bir neçə il sonra ölkədə xarici kapitallı birgə sığorta şirkətləri də yaranmağa başladı. Qısa zamanda onların sayı yeddiyə çatmışdı. Qeyd etmək lazımdır ki, o zaman bizim üçün əhəmiyyətli olan təkcə o deyildir ki, xarici kapitallı şirkətlər ölkə iqtisadiyyatı üçün son dərəcə vacib olan sərmayə yatırımları (neft satışından böyük daxilolmalardan öncəki mərhələdə) edirdilər. Bu, həm də yeni təşəkkül tapmaqda olan milli sığorta bazarında lazımı təcrübə qazanmaq baxımından əhəmiyyətli idi. Çünki o zaman yerli sığorta bazarının peşəkar iştirakçıları üçün öyrənilməli olan çox şeylər vardı və artıq çoxdan oturuşmuş Avropa və Amerika sığortaçılarının bilik və təcrübələrinə böyük ehtiyac hiss olunurdu. Bu baxımdan xaricilərin Azərbaycanda müştərək sığorta şirkətləri formasında qurduqları sistem çox lazımlı idi və yerli kadrlarımız onlardan bəhrələnirdilər. 

Ölkədə fəaliyyət göstərən müştərək sığorta şirkətləri aşağıdakılar idi:

AİG – Caspian İnsurance Company (Azərbaycan-ABŞ) 1999-cu ildə yaradılmışdı. Bu şirkət sonradan “Chartis Azerbaijan” adı altında fəaliyyət göstərmişdir. “Chartis Azerbaijan” – American İnternational Group İnc. (AİG İnc.) beynəlxalq sığorta korporasiyasının törəmə müəssisəsi idi.  2015-ci il sentyabrın 30-da Azərbaycanda yeganə ixtisaslaşmış təkrarsığorta şirkəti olan “AzRe Təkrarsığorta” ASC “Chartis Azerbaijan” sığorta şirkətinin səhmlərini 100 faiz əldə etmişdir. Həmin vaxtdan şirkət öz nizamnaməsində müvafiq dəyişikliklər apararaq, “Qala” sığorta adı altında fəaliyyətini bu gün də davam etdirməkdədir.

 “Atəşgah” Azərbaycan-Rusiya birgə sığorta şirkəti 1996-cı ildə yaradılmışdır. Lukoil “Atəşgah” Sığorta şirkətinin səhmdarlarından biri idi. “Atəşgah” sığorta şirkəti yarandığı gündən 2000-ci illərin əvvəllərinədək Azərbaycanın sığorta bazarında öz lideriliyini qoruyub saxlaya bilmişdi. Ölkə üzrə sığorta yığımlarının təxminən yarısı onun payına düşürdü. Lakin 2002-ci ildən başlayaraq bir-birinin ardınca bazarda yeni güclü oyunçular peyda olmağa başladı. Yeni rəqiblər Atəşgahın neft-qaz sektorundakı və digər böyük obyektlərdəki sığorta haqqı paylarına şərik oldular. Bundan sonra Lukoil öz səhmlərini sataraq ölkəmizin sığorta bazarını tərk etməli oldu.

“London Gate” Azərbaycan-Böyük Britaniya müştərək sığorta şirkəti. İngilis kapitallı bu şirkət Azərbaycanın sığorta bazarına qədəm qoyan ilk xarici kapitallı investorlardan biri idi. Şirkət bir müddət işlədikdən sonra 2005-ci ildə bazarı tərk edərək, öz fəaliyyətinə xitam verdi.

“Başak-İnam” Azərbaycan-Türkiyə müştərək sığorta şirkəti 1996-cı ildə yaradılmışdı. Şirkətin səhmdarlarından biri türk sərmayəli Başak Sığorta şirkəti idi. Yarandığı ilk illərdə şirkətin sığorta bazarında möhkəm mövqeyi vardı. Azərbaycanda fəaliyyət göstərən Türkiyəli iş adamları öz bizneslərinin sığortasını “Günay Anadolu” ilə bərabər “Başak İnam”a da etibar edirdilər. Şirkətin əməkdaşları qarşı tərəfin dəstəyi ilə Türkiyədə ardıcıl şəkildə təlimlərə dəvət olunar və yaxşı təcrübə keçərdilər. Hətta şirkətin əməkdaşlarından bir neçə nəfər Türkiyə Sığorta İnstitutunun (Türkiyə Sigorta Enstitüsü Vakfınin – TSEV) dəstəyi ilə mükəmməl sığorta təhsili alaraq, yüksək peşəkarlıq əldə etmişdilər. “Başak İnam” sığorta şirkətinin sığorta fəaliyyətinə lisenziyası ləğv edilmiş və o, 2018-ci ildən öz fəaliyyətini dayandırmışdı.

 “Azər-Asiya” Azərbaycan – İran birgə sığorta şirkəti idi. İran kapitallı bu şirkət artıq öz fəaliyyətini dayandırmışdır. 

“Temz” (Thamse İnsurance) Azərbaycan – Böyük Britaniya müştərək sığorta şirkəti (Əvvəlki adı “New London” müştərək sığorta şirkəti.) 90-cı illərin ortalarında ingilis sərmayəsi ilə Azərbaycan bazarına daxil olmuş və bir müddət sığorta xidmətləri təklif etmişdi. “Temz” sığorta şirkəti ölkənin sığorta bazarında tez görünüb, tez də yoxa çıxan sığortaçılardan biri idi.                                                                                                                      

“Günay-Anadolu” Azərbaycan – Türkiyə müştərək sığorta şirkəti. Uzun müddət Azərbaycanın sığorta bazarında fəaliyyət göstərsə də, sonralar “Anadolu Sığorta” səhmdar kimi işini dayandırmışdır. Hazırda bu şirkət “Günay” sığorta adı altında sırf yerli sığortaçı kimi öz fəaliyyətini uğurla davam etdirir.

“AXA-MBASK” Türkiyə-Azərbaycan birgə sığorta şirkəti. “AXA-MBASK” fransızlara məxsus, baş ofisi Almaniyanın Köln şəhərində yerləşən dünyəvi AXA Şirkətlər Qrupunun İspaniyadakı törəmə şirkətinin Türkiydəki törəmə müəssisəsinin Azərbaycandakı törəməsi, obrazlı ifadə etsək, baş şirkətin “nəticəsi” idi. Yarandığı ilk illərdə öz nümunəvi fəaliyyəti ilə fərqlənən AXA MBASK həm də bütün yerli sığortaçılara örnək idi desək, səhv etmiş olmarıq.  “AXA” sığorta 2018-ci ildə öz payını sataraq, bazarı tərk etmişdi.

Xarici sığortaçıların bir zaman ölkəmizdə fəaliyyət qurmuş nümayəndəlikləri də diqqət çəkirdi. Böyük Britaniyanın “The Miller İnsurance Group Ltd” şirkəti 1999-cu ilin mart ayında Azərbaycanda özünün nümayəndəliyini açmışdır. Şirkət həm də Lloydda qeydiyyatda olan Londonun ən uğurlu sığorta brokerlərindən biridir. Nümayəndəliyin irland əsilli əməkdaşı Gavin Delaney Bakıda iki il səy göstərsə də,  müsbət nəticə əldə edə bilmədi və 2001-ci ildə bağlandılar. 

Rusiya sığorta bazarında və beynəlxalq bazarda 1947-ci ildən fəaliyyət göstərən və beynəlxalq əməliyyatlarının və xarici tərəfdaşlarının sayına görə Rusiya sığorta şirkətləri arasında lider olan “İnqosstrax” 2003-cü ilin noyabr ayında Bakıda öz nümayəndəliyini açmışdır. “İnqosstrax”ın Azərbaycanda əsas tərəfdaşları kimi o zamankı “Atəşgah”, “MBASK” və “AZAL” sığorta şirkətləri çıxış edirdilər.
Rusiya Federasiyasının “Malakut” Qapalı-tipli Səhmdar Cəmiyyətinin törəmə şirkəti olan “Malakut” sığorta və təkrarsığorta broker şirkəti 2006-cı ilin oktyabrından Azərbaycanda fəaliyyətə başladı. “Malakut” sığorta ölkədə 10-dan çox aparıcı sığorta şirkəti ilə əməkdaşlıq edirdi. Şirkət yerli sığortaçılara məsləhət xidməti göstərməklə yanaşı, təkrarsığorta xidmətlərini də təklif edirdi. 

“ROSNO” şirkətinin Azərbaycan nümayəndəliyi 15 aprel 2008-ci ildə Azərbaycan Respublikası MN-də qeydiyyata alınmışdır. “ROSNO”-nun Azərbaycan sığortaçıları ilə müqavilə payı 10 faizdən yuxarı idi. Müqavilə sayına görə yalnız Rusiya və Qazaxıstan bizdən irəlidə idi. Nəhəng “ROSNO”-nun təsisçisi Allianz SE şirkəti idi. O, 2007-ci ilin fevralında şirkətə məxsus səhmlərin 97 faizini almışdı. 

Hazırda xarici sığortaçıların ölkəmizin sığorta bazarında bu və ya digər formada təmsil olunmaması həm milli sığortaçılığımız, həm də bütövlükdə ölkə iqtisadiyyatı üçün böyük itki hesab edilməlidir.

Ardı var. 

 

Son xəbərlər
Digər xəbərlər