Azərbaycan Mərkəzi Bankı 2019-ci ilin 1 aprel tarixinə depozit və kreditlər üzrə orta faiz dərəcəsini açıqlayıb.
Banker.az bu barədə AMB-yə istinad edirək xəbər verir.
2019-ci ilin mart ayında verilmiş kreditlər üzrə orta faiz dərəcəsi manatla 14,22%, xarici valyuta ilə 7,79% təşkil edib. Fevral ayı ilə müqayisədə manatla kreditlər üzrə orta faiz dərəcəsi 1,4 faiz bəndi azalıb, xarici valyutada kreditlər üzrə orta faiz dərəcəsi 0,89 faiz bəndi azalıb.
Mart ayında hüquqi şəxslərə verilən kreditin orta faiz dərəcəsi manatda 9,28%, xarici valyutada 5,89% olub. Fiziki şəxslərə həmin ayda kreditlər manatda orta hesabla 17,04%, xarici valyutada 14,40% təşkil edib. Belə ki, fiziki və hüquqi şəxslərə verilən kreditlərin manatla və xarici valyuta üzrə orta faiz dərəcələri azalıb.
Azərbaycanda manatla ayrılan banklararası kreditlər üzrə faiz dərəcəsi 1,7 faiz bəndi azalaraq cari ilin aprelin 1-nə 9,11% təşkil edib.
Fevral ayı ilə müqayisədə mart ayında manatla depozit və əmanətlər üzrə orta faiz dərəcəsi 1,8 faiz bəndi azalıb, xarici valyutada isə depozit və əmanətlər üzrə orta faiz dərəcəsi 0,4 faiz bəndi artıb.
Bildirək ki, manatla verilən kreditlər üzrə orta faiz dərəcəsi aprelin 1-nə olan statistikaya əsasən, depozitlər və əmanətlər üzrə orta faiz dərəcəsindən 4,87 faiz bəndi çoxdur. Fevral ayında isə bu fərq müvafiq olaraq 4,89 faiz bəndi təşkil etmişdir.