9 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanda minlərlə şirkət bir “çətir” altına toplanacaq

“Azərbaycan Sənaye Korporasiyası” ASC Azərbaycanın iri dövlət şirkətlərindən biri olacaq”

“Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti strateji yol xəritəsinə uyğun formalaşdırılan bir qurumdur və qurumun məqsədi bir tərəfdən də sənayeləşmə prosesinə dəstək verməkdir. Çünki Azərbaycanda sənayeləşmə əsas prioritetlərdən biridir. Xüsusilə də qeyri-neft ixracatında sənaye məhsullarının payının artırılması əsas hədəflərdən biridir”.

Bunu iqtisadçı-ekspert Vüqar Bayramov açıqlamasında deyib. Onun sözlərinə görə, nəticə etibarı ilə sənayeləşmənin dəstəklənməsi üçün institusional dəyişikliklərə ehtiyac var idi: “Bu baxımdan “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin yaranması institusional dəyişiklik kimi qiymətləndirilməlidir”.

“Eyni zamanda, bu qurum yalnız sənayeləşmə deyil, eləcə də bir sıra digər funksiyaları yerinə yetirəcək. Bu, həm əmlakın, həm də aktivlərin idarə edilməsi ilə bağlı məsələlərdir. Cəmiyyətin nizamnaməsinə diqqət yetirsək, kifayət qədər fərqli, eyni zamanda, dövlət əmlakının idarə edilməsi kimi bir sıra hallarda məsələləri əhatə edəcək” — Bayramov bildirib.

Ekspertin fikrincə, Cəmiyyətin məqsədi həm də məhz texnoloji sənaye məhsullarının yaradılması, o cümlədən aqrar emaledici istehsalın genişləndirilməsi üçün xarici investisiyaların cəlbini həyata keçirməkdən ibarətdir: “Cəmiyyət, eyni zamanda balansında olan əmlakın səmərəli idarə edilməsi ilə bağlı mexanizmlər hazırlayacaq, onun tətbiqini həyata keçirəcək. İnvestorların cəlb edilməsi əsas hədəflərdən biridir”.

İqtisadçı qeyd edib ki, investisiya mühitinin yaxşılaşdırılmasına töhfə də Cəmiyyətin vəzifələri sırasındadır: “Burada investisiya müsabiqələrinin keçirilməsi də daxil olmaqla, çox fərqli metodlardan istifadə etməklə investisiyanın cəlb edilməsi və aqrar sənaye məhsullarının istehsalının genişləndirilməsi kimi məsələlər Cəmiyyətin vəzifələri sırasındadır”.

Onun qənaətincə, Cəmiyyətin yaradılması bir tərəfdən mövcud sənaye sahələrinin dəstəklənməsi və təşviqinin artırılmasına xidmət edə bilər, digər tərəfdən isə bu, emal sənayelərinin formalaşmasına, eləcə də innovativ sahələrin dəstəklənməsinə şərait yarada bilər: “Bu baxımdan yeni Cəmiyyətin yaradılması Azərbaycanda sənayeləşmədə institusional islahat kimi qiymətləndirilir. Və praktik olaraq sənayeləşmə prosesinin institusional olaraq dəstəklənməsi həyata keçiriləcək”.

Bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov da Sputnik-ə açıqlamasında deyib ki, Cəmiyyətin nizamnamə kapitalı beş yüz milyon manatdır: “Amma aktivi ondan qat-qat çox olacaq. Təkcə “Aqrarkredit” üzrə 3 milyard manatdan çox aktiv ona verilir. Digər tərəfdən, “Azərbaycan Sənaye Korporasiyası” ASC ilk baxışdan adından görünə bilər ki, yalnız sənaye müəssisələrini idarə edəcək, amma Cəmiyyətin nizamnaməsində aqrar sektor xüsusi vurğulanır”.

“Yəni Cəmiyyət kənd təsərrüfatı müəssisələrini də idarə edəcək. Bu, o deməkdir ki, ümumiyyətlə, “Azərbaycan Sənaye Korporasiyası” ASC dövlət müəssisələrini idarə edəcək. Yəni özəlləşdirilməyən dövlət müəssisələrini idarə edəcək” — ekspert bildirib.

Onun sözlərinə görə, böyük ehtimalla Əmlak Məsələləri Dövlət Komitəsinin də hazırda idarə etdiyi dövlət müəssisələri yavaş-yavaş Cəmiyyətin idarəçiliyinə keçəcək: “Düzdür, bu, dövlət başçısının müvafiq fərmanında yoxdur”.

Bu baxımdan Ə.Həsənov hesab edir ki, “Azərbaycan Sənaye Korporasiyası” ASC Azərbaycanın iri dövlət şirkətlərindən biri olacaq: “Yəqin ki, Cəmiyyət Dövlət Neft Şirkəti ilə müqayisə oluna bilən həddə olacaq. Cəmiyyət dövlət şirkətlərini idarə edəcək. Borclarını ödəyə bilməyən onlarla, yüzlərlə, minlərlə şirkət bu korporasiyanın tabeliyinə veriləcək. Bu, vahid idarəçiliyə gətirəcək. Cəmiyyətin yaradılması aqrar sahəyə də, sənaye sahəsinə də müsbət təsir etməlidir”.

Qeyd edək ki, Prezident İlham Əliyev “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb. Fərmanda bildirilib ki, “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi” təsdiq edilsin.

“Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının (bundan sonra – “Aqrarkredit” QSC) problemli aktivlərin (borcların) əvəzində əldə etdiyi, Azərbaycan Respublikasının ərazisində yerləşən və onun mülkiyyətində (balansında) olan əmlak, o cümlədən bu Fərmanın əlavəsində göstərilən hüquqi şəxslərə məxsus dövlət əmlakı “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra – “ASK” ASC) mülkiyyətinə (balansına) verilir.

Cəmiyyətin nizamnaməsində qeyd olunub ki, Cəmiyyətin nizamnamə kapitalı və fəaliyyəti üçün digər aktivlər, əsasən, “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatın problemli aktivlərin (borcların) əvəzində əldə etdiyi, ölkə ərazisində yerləşən və onun mülkiyyətində (balansında) olan əmlak, hüquqi şəxslərə məxsus olmuş dövlət əmlakı hesabına formalaşır.

Cəmiyyətin əmlakı nizamnamə kapitalına daxil olan əmlak, dövlət büdcəsindən ayırmalar, öz fəaliyyətindən əldə edilən daxilolmalar, Cəmiyyətin emissiya etdiyi istiqrazların yerləşdirilməsindən əldə edilən vəsaitlər, alınmış xarici kreditlər, yardımlar, qrantlar, habelə qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşır.

Cəmiyyətin müstəqil balansı, əmlakı, xəzinə və bank hesabları, öz adı həkk olunmuş möhürü, müvafiq ştampları və blankları vardır. Cəmiyyət Bakı şəhərində yerləşir.

Cəmiyyətin fəaliyyətinin əsas məqsədi Cəmiyyətə məxsus dövlət əmlakının idarə edilməsinin səmərəliliyini artırmaq, korporativ idarəetmə prinsiplərinə əsaslanan hesabatlılıq və nəzarət sistemini formalaşdırmaq, tabeliyindəki müəssisələr arasında əlverişli kooperasiya əlaqələrinin yaradılması və istehsal potensialının dəyər zəncirinin həlqələri üzrə artırılması yolu ilə müvafiq sahədə malların (işlərin, xidmətlərin) istehsalını və satışını təşkil etməkdir.

 

Son xəbərlər
Digər xəbərlər