Yerli mühəndislik və məsləhətçi şirkət “Encotec” Qapalı Səhmdar Cəmiyyətinin səhmdarlarında dəyişiklik baş verib.
Banker.az-ın əldə etdiyi sənəddəki məlumatlara əsasən, İsmayıl Əlizadə 10% payla şirkətə yeni səhmdar kimi daxil olub. Hüseynov isə payını artırıb.
Bu dəyişiklik nəticəsində əvvəlki pay bölgüsü yenilənib:
Emin Əliyevin payı 75%-dən 60%-ə düşüb, Elxan Hüseynovun payı isə 25%-dən 30%-ə yüksəlib. Nizamnamə kapitalının ümumi məbləği 2 min manat olaraq dəyişməz qalıb. Şirkət 2001-ci ildə təsis edilib. Hazırda omum direktoru Feyruz Rzayev Əkbər oğludur.
2023-cü ildə xalis mənfəət 5.19 mln. manat olub. Bu da 2022-ci ildəki 3.79 mln. manatla müqayisədə 1.40 mln. manat və ya 36.9% artıb. 2023-cü ildə gəlir 24.36 mln. manat olub, bu, 2022-ci ildəki 18.02 mln. manatla müqayisədə 6.34 mln. manat və ya 35.2% artım deməkdir.
“Encotec” QSC-nin əsas fəaliyyəti nəqliyyat infrastruktur elementlərinin tikintisindən, məsələn, beton və asfalt magistral yollar, körpülər, tunellər, qovşaqlar, yeraltı piyada keçidləri, su təchizat sistemləri, drenaj işləri, həmçinin yaşayış mənzillərinin tikintisi və tikinti materiallarının istesahsalından ibarətdir.
“Encotec” QSC dövlət şirkəti olan “AzerGold” QSC-nin bir sıra layihələrində iştirak edib.