Azərbaycanda sentyabr ayında mühərrik gücü böyük olan avtomobillərin qiymətində ucuzlaşma müşahidə olunub.
Bu barədə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat verilib.
Mərkəz tərəfindən aparılan monitorinq nəticəsində müəyyən olunub ki, bazarda qiymətlər iki seqment üzrə dəyişib.
Birinci seqment üzrə ili yeni və mühərrik gücü 2.5 L və daha böyük olan avtomobillərin qiymətində 4 faizə yaxın azalma qeydə alınıb. Səbəb “Aİ-95” markalı benzinin qiymətindəki son artımla əlaqələndirilir.
İkinci seqment üzrə isə Aİ 92 markalı benzin istifadə edən avtomobillərin qiyməti 5 faizə yaxın bahalaşıb. Bütövlükdə, sentyabr ayında avtomobil bazarında 1.2 faiz qiymət artımı müşahidə olunub.
Qeyd edək ki, Azərbaycanda sentyabrın 14-dən “Aİ-95” (Premium) markalı benzinin qiyməti 1.45 manatdan 1.6 manata, “Aİ-98” (Super) isə 1.6 manatdan 1.9 manatadək bahalaşıb.